Azərbaycan Cüdo Federasiyası 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatında Rusiya cüdoçularının təhlükəsizliyi ilə bağlı açıqlama yayıb.
İdman.Biz xəbər verir ki, Rusiyanın “Matç TV” telekanalının sualını cavablandıran Cüdo Federasiyanın mətbuat xidmətindən bildirilib ki, dünya çempionatına hazırlıq prosesi yekun mərhələdədir və iştirakçıların təhlükəsizliyinə xüsusi diqqət yetirilir.
“Dünya çempionatına hazırlıq yekun mərhələyə qədəm qoyub. Azərbaycan böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində zəngin təcrübəyə və müasir idman infrastrukturuna malikdir. Logistika, nəqliyyat təminatı, tibbi xidmət və təhlükəsizlik tədbirləri də daxil olmaqla, bütün təşkilati məsələlər müvafiq qurumlarla sıx şəkildə razılaşdırılır.
Çempionatın keçiriləcəyi Milli Gimnastika Arenası beynəlxalq cüdo ictimaiyyətinə yaxşı tanışdır. Burada daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatı və Bakıda bir neçə Böyük Dəbilqə turniri keçirilib. Buna görə də arena bu idman növü üzrə böyük beynəlxalq yarışların təşkilində əhəmiyyətli təcrübəyə malikdir.
Hazırkı mərhələdə əsas prioritetimiz 600-dən çox idmançının, nümayəndə heyəti üzvlərinin, media nümayəndələrinin və tamaşaçıların təhlükəsizliyi, həmçinin rahatlığı üçün bütün zəruri şəraiti təmin etməkdir. Bu günə qədər görülən hazırlıq işləri bizə dünya çempionatının yüksək təşkilati səviyyədə keçiriləcəyinə dair əminlik verir”, – deyə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək. Yarışa Milli Gimnastika Arenası ev sahibliyi edəcək.
Rusiya millisi turnirdə 23 cüdoçu ilə təmsil olunacaq. Onlardan 12-si kişi, 11-i isə qadın idmançıdır.
