Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Ramana İdman Mərkəzində kampaniya təşkil edib.
İdman.biz xəbər verir ki, 50-ə yaxın cüdoçunun iştirakı ilə keçirilən görüşdə uşaqlarla maarifləndirici söhbətlər aparılıb.
“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusunu əhatə etməkdir.
Azyaşlılarla söhbət əsnasında onlara qısnamanın mahiyyəti və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilib. Tədbir zamanı idmançılar müzakirələrdə fəal olublar. Hər bir idmançı “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, onlara məlumatlandırıcı bukletlər və bilərziklər verilib.
Qeyd edək ki, ACF “Bir məktəb bir klub” layihəsinin xətti ilə “Söz verirəm” kampaniyası çərçivəsində paytaxt Bakı və region məktəblərində görüşləri davam etdirəcək.