“Çox çətin turnir oldu. Rəqiblərim kifayət qədər təcrübəli idi”.
Bunu İdman.biz saytına 23 yaşadək cüdoçular arasında Avropa çempionatından bürünc medal qazanan Azərbaycan yığmasının üzvü Aydan Vəliyeva (52 kq) deyib.
O bildirib ki, böyüklər arasında nəticə qazanan idmançılarla mübarizədə fəxri kürsüyə yüksəldiyi üçün sevinclidir. Avstraliyada açıq Okeaniya turnirində də 3-cü olan 18 yaşlı cüdoçu bildirib ki, ən çətin görüşü yarımfinalda olub: “Macarıstanlı Qvertias Roza ilə qarşılaşmada rəqibimin 2 şido xəbərdarlığı var idi. Hər şey mənim xeyrimə idi. Amma ani diqqətsizliyim məğlub olmağımla nəticələndi. Bundan əvvəl Okeaniya turnirində çıxış etmişdim. Bir qitədən digərinə qısa müddətdə səyahət etdim. Əlbəttə ki, yol yorğunluğu da çıxışıma müəyyən qədər təsir etdi”.
Qeyd edək ki, Almaniyanın Potsdam şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatının ilk günündə Aydan Vəliyeva ilə yanaşı, Nəriman Mirzəyev (73 kq) və Məhəmməd Musayev (60 kq) də bürünc medal qazanıb.
Emin Ağa
İdman.biz