“Azarkeş marağı kifayət qədər yüksəkdir. Bilet satışına başladığımız gündən həm yerli, həm də xarici cüdo həvəskarlarının fəallığını görürük”.
Bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası son Avropa çempionatında üç qızıl, iki bürünc medal qazandı. Yığmanın çıxışını necə qiymətləndirirsiniz?
- Ümumilikdə, milli komandamızın çıxışını yaxşı qiymətləndiririk. Üç qızıl və iki bürünc medal qazandıq, oğlanlar arasında komanda hesabında birinci, ümumi hesabda isə ikinci yeri tutduq. Bu nəticələr gənc cüdoçularımızın potensialını göstərir və gələcəyə nikbin baxmağa əsas verir. Təbii ki, nəticələri təhlil edərkən yalnız qazanılan medallara baxmırıq. Oğlanlar arasında bəzi çəki dərəcələrində də medal gözləntilərimiz var idi. Ayrı-ayrı görüşlərdə yol verilən səhvlər yekun nəticəyə təsir göstərdi. Məşqçilər korpusu bütün bunları təhlil edəcək və növbəti hazırlıq mərhələsində həmin çatışmazlıqların aradan qaldırılması üzərində işləyəcəyik. Qarşıda gənclər arasında dünya çempionatı var və əsas hədəfimiz komandamızı həmin yarışa optimal formada çıxarmaqdır.
Qızlarımızın çıxışı isə gözləntilərimizi tam doğrultmadı. Ən azı bir medal qazanacağımızı düşünürdük. Xədicə Qədəşova buna çox yaxın oldu və yarışı 5-ci yerdə başa vurdu. Avropa çempionatından əvvəl Skopyedə keçirilən Avropa Kubokunda qızlarımızın göstərdiyi nəticələr bizə daha nikbin olmağa əsas verirdi. Təəssüf ki, bu dəfə istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq bir yarışın nəticəsi bizim qadın cüdosu ilə bağlı yanaşmamızı dəyişmir. Qadın cüdosunun inkişafı federasiyanın prioritet istiqamətlərindən biridir. Bu sahəyə yatırımlarımızı, idmançıların hazırlığını və onların beynəlxalq yarış təcrübəsinin artırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
- Oktyabrın 4-11-də Bakı cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Mötəbər yarışa hazırlıq və təşkilatçılıq işləri hansı mərhələdədir?
- Hazırlıq prosesi artıq son mərhələyə daxil olub. Beynəlxalq Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyi ilə sıx və koordinasiyalı şəkildə işləyirik. Hazırda bütün istiqamətlər üzrə son hazırlıq işləri görülür və proses təsdiqlənmiş plana uyğun davam edir. Dünya çempionatı cüdo təqvimində ilin ən böyük yarışıdır. Təbii ki, belə miqyaslı tədbirin təşkili çoxsaylı istiqamətlər üzrə ciddi hazırlıq tələb edir. Yarış məkanı, logistika, iştirakçıların və rəsmi nümayəndə heyətlərinin qəbulu, media fəaliyyəti, azarkeşlərin arenadakı rahatlığı və digər təşkilati məsələlər üzərində iş davam edir. Məqsədimiz Bakıda həm idman, həm də təşkilati baxımdan yüksək səviyyəli dünya çempionatı keçirməkdir.
- Milli komandamızın dünya çempionatı üçün heyəti nə vaxt açıqlanacaq?
- İlkin heyətin Macarıstan Böyük Dəbilqəsindən sonra, gələn həftənin sonunda açıqlanması nəzərdə tutulur. Yekun heyət isə sentyabrın sonunda müəyyənləşəcək. Seçim zamanı idmançıların son yarışlardakı nəticələri, hazırkı forması və hazırlıq səviyyəsi nəzərə alınacaq. Məşqçilər korpusu bütün bu amilləri qiymətləndirərək yekun qərarını verəcək. Məqsədimiz dünya çempionatında Azərbaycanı mümkün olan ən optimal heyətlə təmsil etməkdir.
- Yarışöncəsi idmançıların fiziki və psixoloji vəziyyəti necədir?
- Komandada əhval-ruhiyyə yüksəkdir. İdmançılarımız qarşıdakı dünya çempionatının əhəmiyyətini və məsuliyyətini yaxşı dərk edirlər. Hazırlıq prosesi intensiv şəkildə davam edir və bütün diqqət dünya çempionatına yönəlib. Fiziki və texniki hazırlıqla yanaşı, psixoloji hazırlığa da xüsusi diqqət yetirilir. Dünya çempionatının Bakıda, doğma azarkeşlərimizin qarşısında keçirilməsi idmançılarımız üçün əlavə motivasiyadır. Əsas məqsəd onların yarış gününə həm fiziki, həm də psixoloji baxımdan ən yaxşı formada çatmasını təmin etməkdir.
- Artıq bilet satışına start verilib. Yarışa azarkeş marağı hansı səviyyədədir?
- Azarkeş marağı kifayət qədər yüksəkdir. Bilet satışına başladığımız gündən həm yerli, həm də xarici cüdo həvəskarlarının fəallığını görürük. Artıq 38 ölkədən dünya çempionatına biletlər alınıb. Bu da Bakıda keçiriləcək yarışa beynəlxalq marağın yüksək olduğunu göstərən mühüm göstəricidir. Milli Gimnastika Arenasında dünyanın ən güclü cüdoçuları mübarizə aparacaqlar. Azərbaycan millisinin də doğma tatamidə çıxış etməsi yarışa marağı daha da artırır. Azarkeşlərimizi arenaya gələrək dünya cüdosunun ən böyük yarışlarından birini canlı izləməyə və cüdoçularımıza dəstək olmağa dəvət edirik. İnanırıq ki, tribunaların dəstəyi idmançılarımız üçün əlavə motivasiya olacaq.
