Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt Cüdo Təlim Mərkəzində region məşqçiləri üçün altı günlük peşəkar inkişaf proqramı keçirilir.
İdman.Biz xəbər verir ki, təlimlərin məqsədi məşqçilərin nəzəri və praktiki biliklərini artırmaq, onları müasir hazırlıq metodları və yarış qaydaları ilə yaxından tanış etməkdir.
Proqram çərçivəsində iştirakçılara kumikata, osaekomi, şime-vaza, taçi-vazadan ne-vazaya keçidlər, tatami üzərində xüsusi fiziki hazırlıq və rəqibə qarşı taktikanın qurulması öyrədilir.
Məşqçilər həmçinin yeni hakimlik qaydaları, “Judo Manager” sistemi və fiziki hazırlıqla bağlı biliklərini təkmilləşdirirlər.
Təlimlərdə texniki hazırlıqla yanaşı, yeniyetmə idmançılarla psixoloji iş, sosial şəbəkələrin idarə olunması və media ilə ünsiyyət məsələlərinə də yer ayrılıb.
Altı günlük proqramın sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndiriləcək. Kursu uğurla başa vuran məşqçilərə sertifikatlar veriləcək.
