Noyabrın 11-12-də Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında beşinci Avropa çempionatı keçiriləcək. Azərbaycanda ilk dəfə təşkil olunacaq yarışda 12 ölkədən 80-ə yaxın idmançı mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, noyabrın 5-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında çempionata hazırlıqla bağlı görüş keçirilib.
Tədbirdə Azərbaycan Deflimpiya Komitəsinin (ADK) baş katibi Namiq Novruzov, MOK-un idman idarəsinin və ADK-nın idman şöbəsinin müdiri Həsənağa Rzayev, komitə əməkdaşları və könüllülər iştirak ediblər.
Görüşdə çıxış edən Namiq Novruzov könüllülərə Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyəti barədə məlumat verib. O xatırladıb ki, 2023-cü ildə yaradılan komitə 2025-ci ildə Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) üzvlüyünə qəbul olunub.
Baş katib ötən ilin noyabrında Tokioda keçirilən 25-ci Yay Deflimpiya Oyunlarında Azərbaycan cüdoçusu Coşqun Əliyevin qazandığı tarixi uğura da toxunub. O, ölkəmizə Deflimpiya Oyunlarında ilk qızıl medalı qazandıran idmançının Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildiyini xatırladıb.
Novruzov Bakıda Avropa çempionatının keçirilməsini Azərbaycan üçün böyük uğur və etimad kimi qiymətləndirib. O, yarışın təşkilində könüllülərin təcrübəsinə güvəndiyini bildirib.
Həsənağa Rzayev isə Azərbaycanın beynəlxalq idman yarışlarının təşkilində qazandığı təcrübədən danışıb. O, ölkəmizdə keçirilən böyük yarışların təşkilatçılığının beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək bu prosesdə könüllülərin rolunu xüsusi vurğulayıb.
Görüşün sonunda komitə rəsmiləri iştirakçıların suallarını cavablandırıblar.
