Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Zelim Kotsoyevin İdman.biz saytına müsahibəsi
- Zelim, təbrik edirik. Avropa çempionatında üç bürüncdən sonra nəhayət, qızıl medal qazana bildiniz. Məqsədə çatmaq nə qədər çətin oldu?
- Düzünü desəm, bu gün özümü heç də yaxşı hiss etmirdim. İlk görüşdən sonra hər şeyin keçəcəyini düşünürdüm, amma ikinci və üçüncü döyüşlər də çətin alındı. Finala yaxın özümə gələ bildim, İlia Sulamanidze ilə görüşdə əsil mübariz idim.
- Finalda plan necə idi?
- Mən gürcü rəqiblə üç dəfə qarşılaşmışdım. Ona iki dəfə uduzsam da, dünya çempionatında bürünc uğrunda qələbə qazanmışdım. Finala Avropa çempionatının mükafatçısı olmaq istəmirəm hissi ilə çıxmışdım. Üç bürünc bəs edirdi, artıq titul qazanmaq vaxtı idi. Öz-özümə dedim: “Ölməlisən, amma bacarmalısan”. Baş məşqçinin köməyi ilə qələbəyə tam köklənmişdim. Dünən Avropa çempionu olan Hidayət Heydərov hər an yanımda idi, məni motivasiya edir, dəstək göstərirdi. Onun qızıl enerjisi mənə ötürüldü. Döyüşə yüksək əhval-ruhiyyədə çıxdım. Səhvə yol verməməyə çalışırdım və rəqibi buna məcbur etdim. Həmin anı gözlədim və fəndi işlətdim.
- Qələbədən sonra fərqli hisslər keçirirsən...
- Hələ də baş verənləri tam anlamıram, sadəcə inana bilmirəm. Necə çətin yol keçdiyimi, valideynlərimi xatırladım. Hər şey gözümün önündən keçdi.
- Avropa çempionatı qızılı karyeranın ən uğurlu startıdır?
- Dünya çempionatında iki dəfə bürünc medal qazanmışam. Əlbəttə, qızılın sevinci başqadır.
- Qələbənin Olimpiadadan öncə qazanılması da xüsusi əhəmiyyət daşıyır...
- Bilirsiniz, bütün bu çətin yol Olimpiya Oyunları ilə yekunlaşacaq. Baş məşqçimiz Rixard Trautman da belə deyir. Turnir bitdikdən sonra evə gedəcəm, duş qəbul edib, növbəti gün yenidən məqşlərə start verəcəm. Paris öncəsi heç cür rahatlaşmaq olmaz.
- Monpelyede son nöqtəni sən qoydun və Azərbaycana iki yüksək əyarlı medalla dönürük. Nəticələri necə dəyərləndirirsən?
- İki qızıl – yaxşı nəticədir. Bura gələndə uğur qazanacağımıza əmin idim, çünki böyük zəhmət çəkmişdik. Biz bir komandayıq və hamı bir-birini dəstəkləyir. Federasiya rəhbərliyinə, məqşçi heyətinə və əməyi olan hər kəsə təşəkkür edirəm.
- Rixard Trautman səndən az sevinmirdi. Görünür, sizin çox yaxşı anlaşmanız var?
- O, daima məni dəstəkləyir. Bizim belə əlaqəmiz yaranıb, bir-birimizi çox yaxşı başa düşürük. Necə deyərlər, dalğalar üst-üstə düşüb. Mən baş məqçinin planlarını yerinə yetirməyə çalışıram.
- Qarşıda Tokioda “Böyük Dəbilqə” turniri olacaq. Orada uğurlu nəticə sayəsində Sulamanidzeni arxada qoyub dünya reytinqində birinci pilləyə yüksələ bilərsən...
- Bunu çox istəyərdim. Hələlik, İlia cədvəldə məni qabaqlayır. Zədə üzündən son “Masters” turnirində iştirak edə bilmədim. Hazırda ikinci pillədə qərarlaşmışam, amma Sulamanidzeni ötəcəyimi gözləyirəm.
Zəki Feyzullayev
İdman.biz