Olimpiya çempionu Bakıdakı dünya çempionatından imtina etdi: "Xalqım məni bağışlamaz"

1 Oktyabr 2026 06:29
104
Olimpiya çempionu Bakıdakı dünya çempionatından imtina etdi: "Xalqım məni bağışlamaz"

Cüdo üzrə olimpiya çempionu Yeldos Smetov Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, qazaxıstanlı cüdoçu oktyabrın 4-11-də təşkil olunacaq mundialdan imtina etməsinin səbəbini yarışa hazırlıq üçün vaxtın az olması ilə izah edib.

“Bu il çatdıra bilməyəcəyik. Mən yeni güləşmişəm, indi oraya uçmaq və yenidən uyğunlaşmaq çox ağır işdir. Buna görə də belə bir məsuliyyəti üzərimə götürə bilmərəm. Oraya sadəcə getmək, sadəcə güləşmək və iştirakçı olmaq... xalqım məni bağışlamaz. İndi mən yalnız qızıl medallar üçün diqqətimi cəmləyərək məqsədyönlü şəkildə hazırlaşmalıyam”, – deyə Smetov bildirib.

34 yaşlı idmançı bir neçə gün əvvəl Yaponiyada keçirilən Asiya Oyunlarında gümüş medal qazanıb. O, 60 kq çəki dərəcəsinin finalında meydan sahibi Hayato Kondoya 0:2 hesabı ilə məğlub olub. Bu, Smetovun Asiya Oyunlarında qazandığı üçüncü medal olub.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək. Azərbaycan paytaxtındakı yarış 2028-ci il Los-Anceles Olimpiya Oyunlarına aparan yeni olimpiya tsiklində ilk dünya çempionatı olacaq.

İdman.Biz