Polşanın Olimpiya ümidi Azərbaycan millisində: Hanna Zaytsevanın Bakı hekayəsi - İDMAN.BİZ-in ARAŞDIRMASI

2 Oktyabr 2026 16:38
104
Polşanın Olimpiya ümidi Azərbaycan millisində: Hanna Zaytsevanın Bakı hekayəsi - İDMAN.BİZ-in ARAŞDIRMASI

Hələ yaz aylarında o, Polşa pasportu almaq və Polşa üçün Olimpiya medalı qazanmaq istəyirdi, sentyabrın 3-də Avropa çempionatında bu ölkəni təmsil edirdi, bir ay sonra isə Bakıda keçiriləcək dünya çempionatında artıq Azərbaycanın heyətinə daxil edilib.

İdman.Biz 19 yaşlı Hanna Zaytsevanın kim olduğunu və Polşa gənclər cüdosunun əsas istedadlarından birinin Azərbaycan millisində necə peyda olduğunu araşdırıb.

19 yaşlı Hanna Zaytsevanın Azərbaycanın qadınlardan ibarət cüdo millisinin heyətində yer alması meydan sahiblərinin dünya çempionatı üçün təqdim etdiyi heyətin ən gözlənilməz məqamlarından biri olub. 63 kq çəki dərəcəsində çıxış edən idmançı artıq Beynəlxalq Cüdo Federasiyasının (IJF) siyahısında Azərbaycan bayrağı altında göstərilir.

Üstəlik, söhbət perspektivinə görə sınamağa qərar verilmiş az tanınan idmançıdan getmir. Zaytseva hələ çox yaxınlarda Polşada öz nəslinin ən perspektivli cüdoçularından biri hesab olunurdu.

Ukraynadan Polşaya

Zaytseva Ukraynanın Slavyansk şəhərində anadan olub. 2022-ci ildə müharibə başlayandan sonra doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin vaxt onun 14 yaşı var idi. Polşada Hanna məşqlərini davam etdirib və “Akademia Judo Poznan” klubuna qoşulub. Bununla belə, 2022-ci ildə o, hələ Ukraynanı təmsil edirdi: xüsusilə, Dyorda yeniyetmələr arasında Avropa Kubokunu qazanıb, Riqada keçirilən analoji turnirdə isə ikinci olub.

Sonradan Zaytseva beynəlxalq yarışlarda artıq Polşa bayrağı altında çıxış etməyə başlayıb. Onun yeniyetmələr səviyyəsində əsas uğuru 2024-cü ildə Limada keçirilən dünya çempionatında 63 kq çəki dərəcəsində qazandığı gümüş medal olub. 2026-cı ildə o, Poznanda keçirilən Yeniyetmələr arasında Avropa Kubokunu qazanıb. Sentyabrın 7-nə olan məlumata görə, Polşa Cüdo Federasiyasının 63 kq-dək çəkidə yeniyetmə qızlar arasında milli reytinqində 336 xalla birinci yerdə qərarlaşıb. Ən yaxın izləyicisinin hesabında isə 139 xal olub.

Polşada Zaytsevaya münasibəti 2026-cı il aprelin 3-də “Dzien Dobry TVN”də yayımlanan material da aydın şəkildə göstərir. Polşanın ən böyük televiziya kanallarından biri ona ayrıca süjet həsr edərək Hannadan “Polşanın ən istedadlı idmançılarından biri” və Polşa cüdosunun ümidi kimi bəhs edib.

İki gün sonra Poznan portalı SP360-da yayımlanan material isə daha diqqətçəkəndir. Zaytseva burada “Poznanın Olimpiya ümidi” adlandırılıb. Onun məşqçisi və Akademia Judo Poznań klubunun prezidenti Radoslav Mişkeviç 26 il ərzində cüdoda çoxsaylı idmançı gördüyünü, lakin Hannanın istedadını və məqsədyönlülüyünü xüsusi hesab etdiyini bildirib.

Lakin məhz həmin yazıda bütün bu hekayənin açarı ola biləcək bir detal üzə çıxır.

Həmin vaxt Zaytsevanın hələ Polşa pasportu yox idi. Aprelin 5-də “SP360” idmançının Polşa vətəndaşlığı almaq üçün ərizə verdiyini xəbər verib. Üstəlik, Mişkeviç məsələnin həllinə kömək göstərilməsi üçün açıq şəkildə müraciət edib. Hanna özü isə gələcəyini və idman karyerasını Polşa ilə bağladığını, bir gün bu ölkə üçün Olimpiya medalı qazanmaq istədiyini deyib. Yarım ildən də az vaxt keçib və indi Zaytseva Azərbaycanı təmsil edir.

Polşa pasportu məsələsində nə baş verdi?

Açıq mənbələrdə Zaytsevanın sonda Polşa vətəndaşlığı aldığını təsdiqləyən məlumat tapa bilmədik. Onun müraciətinin rədd edilməsi barədə də ictimai açıqlama yoxdur.

Buna görə ən azı iki variant mümkündür: ya onun müraciətinə baxılması prosesi uzanıb, ya da hansısa səbəbdən Polşa vətəndaşlığı məsələsi Azərbaycanda karyerasını davam etdirmək imkanı yaranana qədər müsbət həllini tapmayıb.

Bununla belə, Zaytsevanın Polşa pasportu olmadan bu ölkəni təmsil etməsi mütləq şəkildə IJF qaydalarına zidd deyildi. Beynəlxalq federasiyanın reqlamentində gənc miqrantlar üçün ayrıca mexanizm mövcuddur. Başqa ölkədə yaşayan, yaşayış, təhsil və yerli klubda məşq tələblərinə cavab verən 15-20 yaşlı əcnəbi cüdoçular IJF-in icazəsi ilə qəbul edən ölkəni yeniyetmələr və daha aşağı yaş kateqoriyalarında təmsil edə bilərlər. Belə status zamanı idmançının əvvəlcə idman vətəndaşlığının dəyişdirilməsi üzrə standart prosedurdan keçməsi tələb olunmur.

Məhz bu, ilk baxışdan qeyri-adi görünən vəziyyəti izah edə bilər: yaz aylarında Zaytseva açıq şəkildə Polşa vətəndaşlığı almağa çalışırdı, eyni zamanda artıq beynəlxalq arenada Polşa bayrağı altında çıxış edirdi.

Sentyabrın 3-də hələ Polşa cüdoçusu idi

Sonrakı hadisələrin sürəti həqiqətən diqqət çəkir. Sentyabrın 3-də Zaytseva Podqoritsada keçirilən yeniyetmələr arasında Avropa çempionatında məhz Polşa təmsilçisi kimi tatamiyə çıxıb. 63 kq çəki dərəcəsində beşinci yeri tutub. Bu həm turnirin nəticələrində, həm də onun IJF-dəki Polşa profilində əksini tapıb.

Yəni onun Polşa üçün son böyük yarışından Azərbaycan millisinin böyüklər arasında dünya çempionatının heyətinə daxil edilməsinə qədər bir aydan da az vaxt keçib.

Bu hekayədə Bakı ilə bağlı maraqlı iz də var. Polşalı yeniyetmələrin Avropa çempionatına hazırlığı dövründə komandanın nümayəndələri Azərbaycan cüdoçuları ilə birlikdə Bakıda doqquz günlük təlim-məşq toplanışı keçiriblər. Bu toplanışın iştirakçılarının tam adlı siyahısını açıq mənbələrdə tapmaq mümkün olmayıb. Buna görə Zaytsevanın həmin vaxt Bakıda olduğunu təsdiqləmək olmaz.

Lakin o, sentyabrda keçiriləcək Avropa çempionatına hazırlaşan və daha sonra Podqoritsada mübarizə aparan Polşa yeniyetmə komandasının üzvü olub. Buna görə də Hannanın Azərbaycan tərəfi ilə keçidinin ictimaiyyətə məlum olmasından xeyli əvvəl tanış olması ehtimalını istisna etmək olmaz.

Keçidi bu qədər qısa müddətdə necə rəsmiləşdirmək mümkün olub?

Burada hekayə daha da maraqlı olur. İdman vətəndaşlığının dəyişdirilməsi zamanı IJF-in ümumi qaydası əvvəlki ölkə üçün son çıxışdan sonra üç illik müddət nəzərdə tutur. Lakin zəruri şərtlər yerinə yetirildikdə bu müddət azaldıla və ya tamamilə ləğv edilə bilər. Standart prosedur zamanı hər iki milli federasiyanın razılığı, idmançının istəyi, yeni ölkənin pasportu və IJF-in təsdiqi tələb olunur. Konkret turnirdə iştirak üçün müraciətin qeydiyyatın başa çatmasına ən geci 21 gün qalmış göndərilməsi tövsiyə edilir.

Lakin Zaytsevanın əvvəl Polşada gənc miqrant statusunda olması səbəbindən onun vəziyyəti fərqli ola bilər. IJF qaydaları bu cür idmançılara müəyyən şərtlərə riayət etməklə standart milli mənsubiyyət dəyişdirilməsi prosedurundan keçmədən yaşayış ölkəsini dəyişməyə imkan verir. Buna görə də onun Polşa üçün çıxış etməsi faktından avtomatik olaraq Varşavanın onu adi üçillik prosedurla “buraxmalı” olduğu qənaətinə gəlmək olmaz.

Böyüklər arasında dünya çempionatında isə vəziyyət tamamilə fərqlidir. IJF yarışlarında iştirak etmək üçün idmançı, bir qayda olaraq, təmsil etdiyi ölkənin vətəndaşlığını pasport və ya müvafiq şəxsiyyət sənədi ilə təsdiqləməlidir. Buna görə də Zaytsevanın böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin heyətində görünməsi Azərbaycan tərəfinin onun hüquqi statusu məsələsini çox qısa müddətdə həll edə bildiyini ehtimal etməyə əsas verir.

Bu məsələdə Azərbaycan qanunvericiliyində də imkanlar mövcuddur. Qanun yüksək idman nailiyyətlərinə malik olan və ya ölkə üçün xüsusi maraq kəsb edən şəxslərin adi yaşayış müddəti tələbi olmadan Azərbaycan vətəndaşlığına qəbul edilməsinə imkan verir. Yüksək nailiyyətləri olan idmançılar üçün, o cümlədən, onları Azərbaycana dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti nəzərdə tutulur. Zaytsevanın idman keçmişini nəzərə alsaq, onun ölkəmiz üçün maraq doğurduğu açıqdır.

Perspektivə hesablanmış transfer

Nəticədə Azərbaycan cəmi 19 yaşı olan, lakin artıq yeniyetmələr arasında dünya çempionatının gümüş medalına, Avropa Kuboklarında qələbələrə və öz nəslinin güclü cüdoçuları ilə mübarizə təcrübəsinə malik idmançı qazanır.

Daha vacib məqam isə başqadır: ilin əvvəlində Polşa mətbuatında yayılan materiallardan göründüyü kimi, Zaytseva artıq həmin vaxt karyerasını Olimpiya Oyunlarına hesablanmış şəkildə qururdu. Yalnız apreldə onun Olimpiya medalı uğrunda mübarizə aparmaq istədiyi ölkə Polşa idi. İndi isə bu ölkə Azərbaycandır.

Aprellə oktyabr arasında dəqiq nə baş verdiyi – Polşa pasportu ilə bağlı uzanan proses, Azərbaycanın təklifi, beynəlxalq təlim-məşq toplanışları zamanı yaranan tanışlıq və ya bir neçə amilin birləşməsi – hələlik pərdəarxasında qalır.

Amma fakt kifayət qədər diqqətçəkəndir: sentyabrın 3-də Polşa gənclər cudosunun əsas ümidlərindən biri hələ ağ-qırmızı bayraq altında tatamiyə çıxırdısa, oktyabrın 4-də Bakıda start götürəcək dünya çempionatında Hanna Zaytsevanın ilk dəfə Azərbaycanı təmsil etməsi gözlənilir.

İdman.Biz