“Böyük Dəbilqə”: Leyla Əliyeva bürünc medal qazanıb - VİDEO

Xəbərlər
24 Oktyabr 2023 18:27
134
“Böyük Dəbilqə”: Leyla Əliyeva bürünc medal qazanıb - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Böyük Dəbilqə” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 8 cüdoçusu mübarizəyə qoşulub.

Onlardan biri çıxışını medalla başa vurub. Leyla Əliyeva komandamızın aktivinə ilk medalı yazıb.

Böyük Dəbilqə
Kişilər

60 kq
Rövşən Əliyev 1/16 finalda Ayub Biliyevlə (AİN) güləşib. Rəqib qələbə qazandığından cüdoçumuz yarışla vidalaşıb.

Əhməd Yusifov startda Adel Hamadaya (Misir) qalib gəlsə də, 1/8 finalda Kamoliddin Baxtiyorova (Özbəkistan) uduzub.

66 kq
İlk görüşdən azad olan Kəramət Hüseynov 1/16 finalda fransalı Daikii Boubanı məğlub edib. Ardınca Narmandah Bayanmuhla (BƏƏ) qüvvəsini sınayan təmsilçimiz mərhələ adlaya bilməyib.

Ruslan Paşayev yarışa Matteo Piras (İtaliya) üzərində qələbə ilə başlayıb. O, daha sonra İsmayıl Misirov (AİN) və Alberto Martindən (İspaniya) də güclü olub. 1/4 finalda David Torneni (İspaniya) məğlub edən Paşayev yarımfinalda Vaja Marqvelaşviliyə uduzub.

Ruslan bürünc medal uğrunda Hüseynova qalib gələn Bayanmuhla gücünü yoxlayıb. Həmyerlimiz yarımfinalda zədələndiyi üçün tatamiyə çıxmayıb və 5-ci yeri tutub.

Qadınlar
48 kq

Leyla Əliyeva 1/8 finalda Mireya Komasa (İspaniya) qalib gəlib. O, ikinci görüşündə Katarina Kosta (Portuqaliya) üzərində də inamlı qələbə qazanıb və yarımfinala yüksəlib. Lakin finala gedən yolda Assunta Skuttoya (İtaliya) məğlub olan Əliyeva bürünc medal uğrunda döyüşüb.

Onun 3-cü yer uğrunda görüşdə rəqibi italiyalı Françeska Milani olub. Əliyeva qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

52 kq
Gültac Məmmədəliyeva ilk mərhələdə uduzub. O, almaniyalı Annika Vurfelə məğlub olub.

Ondan fərqli, Aydan Vəliyevanın debütü uğurlu alınıb. Təmsilçimiz Çarne Qrieselə (CAR) qalib gəlib. Təəssüf ki, Aydan ikinci qarşılaşmasında braziliyalı Cessika Pereyraya uduzub.

57 kq
Fidan Əlizadə yarışla 1/8 finalda vidalaşıb. O, Altansetseq Basuha (BƏƏ) qalib gəlsə də, Cessika Klimkaitlə (Kanada) bacarmayıb.

Qeyd edək ki, oktyabrın 26-da başa çatacaq yarışa Azərbaycan yığması 14 cüdoçu ilə yollanıb.

İdman.biz