Hidayət liderliyini qoruyub, Elcan 6 pillə irəliləyib

Xəbərlər
29 Aprel 2024 18:53
536
Hidayət liderliyini qoruyub, Elcan 6 pillə irəliləyib

Beynəlxalq Cüdo Federasiyası dünya reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, cüdo üzrə Avropa çempionatından sonra Azərbaycan yığmasının üzvlərinin mövqelərində dəyişiklik olub.

4-cü dəfə Avropa çempionu olan Hidayət Heydərov (73 kq) liderliyini qoruyub. Uzun müddətdir 1-ci pillədə qərarlaşan Hidayətin hesabında 7161 xal var. Qitə çempionatını medalsız başa vuran Zelim Kotsoyev (100 kq) 2-ci pillədəki mövqeyini qoruyub.

Yığmanın heyətində digər Avropa çempionu Elcan Hacıyev (90 kq) ən böyük yüksəlişə nail olan idmançı olub. 6 pillə irəliləyən 21 yaşlı çüdoçu 19-cu pilləyə yüksəlib. Çempionatda 60 kq çəki dərəcəsində finalda uduzan Balabəy Ağayev 6-cıdır.

Zelim Tçkayev (81 kq) 7-ci, Yaşar Nəcəfov (66) 8-ci, Səid Mollaei (81 kq) 11-ci, Murad Fətiyev (90 kq) 12-ci pillədə qərarlaşıblar.

Qadın çüdoçular arasında ən yaxşı nətcə Gültaj Məmmədəliyevaya (52 kq) məxsus olub. O, 17-ci pillədə yer alıb. Leyla Əliyeva (48 kq) 23-cü, Aydan Vəliyeva (52 kq) isə 32-ci yeri tutub.

İdman.biz