"81-kq-da artıq Səid Mollayinin Olimpiya medalı var. Paris-2024 Yay Olimpiya Oyunlarına Zelim Tçkayev getsə, məncə onun üçün yaxşı təcrübə olar".
Bunu "İdman Bizdə" verilişinin qonağı olan veteran cüdoçu Rüstəm Orucov deyib.
Olimpiya oyunlarının gümüş medalçısı Paris-2024-də bağlı fikirlərini açıqlayıb. 2 çəki dərəcəsində lisenziya şansı olan 2 cüdoçu arasında seçim edib: "Olimpiadaya 81 kq-da Zelim Tçkayev yollansa, yaxşı olar. O, çox güclü idmançıdır. Medal da qazana bilər. Zelimlə məşqdə güləşmişəm. Hər zaman onda potensialı, gücü görürdüm. Deyirdim ki, sən niyə yarışlarda güləşə bilmirsən? Cavabında yarışlardan çəkindiyini, qorxduğunu deyirdi. Amma son vaxtlar görürəm ki, psixoloji hazırdır və daha yaxşı güləşməyə başlayıb. Hazırda federasiyada psixoloq işləyir, bəlkə də bu onun təsiridir".
32 yaşlı veteran cüdoçu 90 kq-da da seçim etməyin çətin olacağın deyib: "Elcan Hacıyev hər zaman rəqibi üstündən atmağa üstünlük verir, Murad Fətiyev isə dözümlüdür. Onların da hərəsi bir rəqibi udub, digərinə uduza bilər. Rəqiblərini bilsək, seçim etmək rahat olar. Yaponlarla güləşməkdə Elcan yaxşıdır. Ona üstdən atmaq fəndini yaxşı icra edən biri düşsə, çətin olacaq. Onda artıq Muradın güləşməyi yaxşıdır. Avropa və dünya çempionatından sonra seçim etmək daha yaxşı olacaq".
Qeyd edək ki, bu çəkilərlə yanaşı, 60 kq-da da məşqçilər Balabəy Ağayevlə Turan Bayramov arasında seçim etməli olacaqlar.
Emin Ağa
İdman.biz
