Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə mayın 3-də Qazax Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Bu sınaq mərhələsində Qərb bölgəsini təmsil edən 115 cüdoçu iştirak edib.
İdman.Biz xəbər verir ki, idmançılar yaş qruplarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə texniki hazırlıqlarını göstəriblər. İmtahandan müvəffəqiyyətlə keçən cüdoçulara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.
Kəmər imtahanları idmançıların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, həmçinin onların motivasiyasının yüksəlməsinə xidmət edir. Qeyd edək ki, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlara qatılmaq üçün vacib şərtlərdən biri hesab olunur.
