Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Beynəlxalq turnirin son günündə Azərbaycan komandası aktivinə daha dörd medal əlavə edib.
İdman.Biz xəbər verir ki, yarışın son günündə Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərini üstələyərək yalnız finalda uduzub və gümüş mükafatçı olub. Digər idmançılarımız - Aslan Kotsoyev (90 kq), Aysun Məmmədova (52 kq) və Xədicə Qədəşova (57 kq) isə bürünc medala sahib çıxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Nihad Məmişov (66 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Həmçinin Ayxan Mirzəzadə (60 kq) və Sadiq İsgəndərli (66 kq) bürünc mükafat əldə etmişdilər.

Beləliklə, Azərbaycan millisi turniri ümumilikdə yeddi medalla (bir qızıl, bir gümüş, beş bürünc) başa vurub. Komandamız bu nəticə ilə 27 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilər arasında isə üçüncü pillədə qərarlaşıb.

