Bakıda “Böyük Dəbilqə”nin açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
16 Fevral 2024 16:45
134
Bakıda “Böyük Dəbilqə”nin açılış mərasimi keçirilib - FOTO

Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mərasimi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini Mariana Vasileva ölkəmizdə cüdo idman növünün uzun illər ərzində böyük inkişaf yolu keçdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycan cüdoçularımızın yüksək nəticələri həmişə xalqımızı sevindirib: “Bütün bunlar cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının nəticəsidir. Bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarında idmançıların reytinq xalı üçün üçün mühüm əhəmiyyət kəsb edir. Bütün iştirakçılara uğurlar arzu edirəm”.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları yaxınlaşdıqca idmançılar bir sıra beynəlxalq yarışlarda öz şanslarını sınayırlar: “Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında müstəsna rol oynayır. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qrupundan olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər. Son iki ildə bu növlə ilə məşğul olan qız və oğlanların sayı 10 minə çatıb. Əminəm ki, qarşıdan gələn Olimpiya Oyunlarında cüdoçularımız bizi sevindirəcəklər”.

Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbəti dəfə prezident seçilməsi münasibəti ilə təbrik edib: “O, Azərbaycanda idmanın inkişafında böyük və müstəsna rola malikdir. Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Yeni yaradılan Cüdo Təlim Mərkəzi İJF tərəfindən çox yaxşı qarşılandı. Düşünürəm ki, bu mərkəz cüdonun inkişafına təkan verəcək”.

Rəsmi çıxışlardan sonra Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Qeyd edək ki, turnirdə 62 ölkədən 404 nəfər öz qüvvəsini sınayacaq. Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində 33 idmançı ilə təmsil olunur. Bu gün start götürən yarış 3 gün davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: