Azərbaycan millisinin üzvü Əhməd Yusifov Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatında fəxri kürsünün birinci pilləsinə qalxdıqdan sonra təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçu final görüşünün əvvəlində çətinlik yaşadığını, lakin sonradan özünü toparladığını bildirib.
“Final görüşü əvvəlcə gözləmədiyim kimi keçdi. Amma sonradan özümü toparladım, öz fəndimi tətbiq etdim və dünya çempionu oldum. Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”.
Yusifov yarışdan əvvəl çempionluq barədə düşündüyünü, lakin turnirin gedişində özünə inamının daha da artdığını söyləyib:
“Düşünürdüm, həm medal, həm də çempionluq barədə fikirləşirdim. Amma yarışın gedişində gördüm ki, bu gün özümü çox yaxşı hiss edirəm. Hiss etdim ki, bu gün şans mənə tərəfədir. Mən də bunu dəyərləndirdim və dünya çempionu oldum. 27 yaşımda dünya çempionu olmaq mənim üçün çox gözəldir”.
Azərbaycan təmsilçisi finaldakı rəqibinə daha əvvəl bir dəfə məğlub olduğunu da xatırladıb:
“Bundan əvvəl ona bir dəfə uduzmuşdum. Bu dəfə qalib gəlmək üçün tatamiyə çıxmışdım, çünki dünya çempionu olmaq istəyirdim. Allaha şükür ki, buna nail oldum”.
Yusifov qələbəyə hansı anda inandığını da açıqlayıb:
“Kəmərdən tutub fəndə girəndə hiss etdim ki, bunu edə bilərəm. Ondan sonra da qalib gəldim”.
Cüdoçu 60 kq çəki dərəcəsində Azərbaycanın ilk dünya çempionu olmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“60 kq-da Azərbaycandan heç kim dünya çempionu olmamışdı. Çox xoşbəxtəm ki, birinci mən oldum. Eyni zamanda Azərbaycanın dördüncü dünya çempionu oldum. Sevincimin həddi-hüdudu yoxdur”.
Əhməd Yusifov Olimpiya çempionu Elnur Məmmədlinin də onun uğurunda böyük əməyi olduğunu qeyd edib:
“Elnur Məmmədli məni təbrik etdi. Onun mənim üzərimdə çox əziyyəti var. Bütün məşqçilərimin, Elnur Məmmədlinin, şəxsi məşqçimin və babamın mənim üzərimdə böyük əməyi var”.
Dünya çempionu növbəti hədəflərindən də danışıb:
“Növbəti məqsədim Avropa və Olimpiya çempionu olmaqdır. Qitə çempionu olmuşam, yenə də çempion olmaq istəyirəm”.
