Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkatması Azərbaycan millisinin bir neçə üzvünü artıq beynəlxalq arenada qarşılaşdıqları rəqiblərlə üz-üzə gətirib.
İdman.Biz xəbər verir ki, ən zəngin qarşılaşma tarixinə Azərbaycanın olimpiya çempionu Hidayət Heydərovun (73 kq) rəqibi ilə görüşləri malikdir. Onun ilk rəqibi Kosovo təmsilçisi Akil Gyakova olacaq.
Cüdoçular artıq yeddinci dəfə üz-üzə gələcəklər. Əvvəlki 6 görüşdə Heydərov 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Azərbaycanlı cüdoçu 2016-cı ildə 23 yaşadək cüdoçular arasında Avropa çempionatında, 2017-ci ildə Antalyada keçirilən Qran-pridə, 2018-ci il Avropa çempionatında, 2024-cü il dünya çempionatında və 2024-cü il Olimpiya Oyunlarında Gyakova qalib gəlib. Heydərov yeganə məğlubiyyətini 2023-cü ildə Priştinada keçirilən açıq Avropa çempionatında alıb.
Xüsusilə son iki qarşılaşma diqqət çəkir. 2024-cü ildə Əbu-Dabidə keçirilən dünya çempionatında Heydərov ilk görüşündə Gyaakovaya qalib gəlib və daha sonra qızıl medal qazanıb. İki ay sonra rəqiblər Paris Olimpiadasının yarımfinalında üz-üzə gəliblər. Azərbaycanlı cüdoçu burada da üstün olub və ardınca olimpiya çempionu titulunu qazanıb.
Bu arada, Gültac Məmmədəliyevaya (52 kq) da tanış rəqib düşüb. O, bu ilin iyununda Tsindao Qran-prisində israilli Gəfen Primo üzərində qələbə qazanıb.
Turan Bayramov (66 kq) daha əvvəl Radu İzvorianu ilə qarşılaşıb. Azərbaycanlı cüdoçu 2026-cı il Avropa çempionatında Moldova təmsilçisinə təsəlliverici mərhələdə qalib gəlib və bundan sonra bürünc medal qazanıb.
Vüsal Qələndərzadə (81 kq) sentyabrda Macarıstanda keçirilən Böyük Dəbilqə turnirində bolqarıstanlı Hristo Valkova qalib gəlib. İndi onları Bakıda yeni görüş gözləyir.
Omar Rəcəbliyə (81 kq) isə Əskərbi Gerbekovdan revanş almaq lazım gələcək. Bəhreyn təmsilçisi 2025-ci ildə Bakıda keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşdə azərbaycanlı cüdoçuya qalib gəlib.
Öz növbəsində, Azərbaycanın daha bir olimpiya çempionu Zelim Kotsoyev (100 kq) da mübarizəyə ilk mərhələdən başlayacaq. O, ilk görüşündə Türkmənistan təmsilçisi Baymırat Məjanovla qarşılaşacaq. Cüdoçular beynəlxalq arenada ilk dəfə üz-üzə gələcəklər. Maraqlıdır ki, onlar 2022-ci ildə Rikkionedə keçirilən European Open turnirində də iştirak ediblər. Lakin həmin vaxt Məjanov Kotsoyevlə mümkün görüşə qədər mübarizəni dayandırıb. Kotsoyev isə turnirin qalibi olub.
Qeyd edək ki, Azərbaycanın bir sıra nümayəndələri dünya çempionatına ikinci mərhələdən başlamaq imkanı əldə ediblər. Hanna Zaytseva, Balabəy Ağayev, Əhməd Yusifov, Ruslan Paşayev, Rəşid Məmmədəliyev, Zelim Tçkayev, Murad Fətiyev və Kənan Nəsibov ilk görüşlərində ilkin mərhələnin cütlüklərinin qalibləri ilə qarşılaşacaqlar.
Əlavə edək ki, dünya çempionatı 4-11 oktyabr tarixlərində Bakıda yerləşən Milli Gimnastika Arenasında keçiriləcək.
