Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə Qran-pridə ikinci günü arxada qalıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi daha bir medal qazanıb.
Bu gün tatami üzərinə 3 cüdoçumuz çıxıb. Onlardan Səid Mollayi (81 kq) turnirin bürünc medalını qazanıb. İlk mərhələdə Adrian Qandianı (Puerto-Riko) üstələyən təmsilçimiz 1/8 finalda ispaniyalı rəqibi Alfonso Urquizini məğlub edib. Səid eyni uğuru 1/4 finalda təkrarlaya bilməyib və Yoşito Hocoya (Yaponiya) uduzub. Bundan sonra təsəlliverici döyüşə qatılan Azərbaycan təmsilçisi Xasan Xalmurzaevə (AİN), bürünc görüşündə isə Nurbek Murtozoyevə (Özbəkistan) qalib gəlib.
73 kq çəki dərəcəsində yığmamızın iki idmançısı mübarizə aparıb. Rəşid Məmmədəliyev elə ilk görüşdəcə cənubi koreyalı Xen-Çen Kanquya uduzub. Nurlan Osmanov isə fransalı rəqibi Reda Saddukiyə qalib gəlsə də, növbəti mübarizədə monqolustanlı idmançıya uduzub.
Qeyd edək ki, yarışın ilk günündə Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) isə bürünc medal qazanıb.
İdman.biz
