Cüdoçularımız Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurublar - YENİLƏNİB + FOTO

1 İyul 2026 20:48
844
Cüdoçularımız Avropa çempionatının fərdi yarışlarını 10 medalla başa vurublar

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

İdman.Biz bildirir ki, qitə birinciliyinin üçüncü yarış günündə daha 3 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Ömər Axundov (-90 kq) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. -81 kq çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.

Daha əvvəl Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) və Sadiq Məmmədov (-73 kq) gümüş, İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) və İlkin Qarayev (-66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.

20:07

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, cüdoçumuz Ayxan Həsənli (81 kq) üçüncü yer uğrunda görüşdə sloveniyalı Maks Çebulya tam üstünlüklə qalib gələrək yeniyetmələr arasında Avropa çempionatının bürünc medalını əldə edib.

Bu, cüdoçularımızın çempionatda səkkizinci medalıdır.

09:53

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında bu gün fərdi yarışlara yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin beş cüdoçusu tatamiyə çıxacaq.

Oğlanların 81 kq çəki dərəcəsində mübarizəyə 1/16 finaldan başlayacaq Yaqub Məmmədov Bosniya və Herseqovina təmsilçisi Yan Markoviçlə üz-üzə gələcək. Eyni çəkidə çıxış edən Ayxan Həsənli isə Rumıniya cüdoçusu Akos Naqi ilə qarşılaşacaq.

90 kq çəki dərəcəsində Ömər Axundov yarışa 1/8 final mərhələsindən start verəcək. O, bu mərhələdə Kipr təmsilçisi Qriqorios Mirazanaşvili ilə Estoniya cüdoçusu Kaur Leetsar arasında keçiriləcək görüşün qalibi ilə üz-üzə gələcək.

Qızların 70 kq çəki dərəcəsində Məsumə Məmmədli 1/16 finalda Fransa təmsilçisi Norah Qossetlə münasibətinə aydınlıq gətirəcək.

+70 kq çəki dərəcəsində isə Zemfira Əliyeva mübarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi İspaniya təmsilçisi Ballalo Kulibali Ture olacaq.

İdman.Biz