Tərlan Həsənov: “Hidayət Heydərov 81 kq-a Paris Olimpiadasından sonra keçməli idi”

25 İyun 2026 16:07
106
Tərlan Həsənov: “Hidayət Heydərov 81 kq-a Paris Olimpiadasından sonra keçməli idi”

“Mənim fikrimcə, Hidayət 81 kq çəkiyə Paris Olimpiadasından dərhal sonra keçməli idi. Hətta bunu ona məsləhət də görmüşdüm. Amma o zaman razı olmadı. Deyirdi ki, 81 kq-da rəqiblərini yaxşı tanımır, 73 kq-da isə bütün əsas rəqiblərinə bələddir”.

Bu sözləri əməkdar məşqçi Tərlan Həsənov Azərbaycan cüdoçusu Hidayət Heydərovun yeni çəki dərəcəsində çıxış etməsinə münasibət bildirərkən deyib.

Mütəxəssisin sözlərinə görə, hazırkı keçid daha çox eksperiment xarakteri daşıya bilər.

“Ola bilər ki, yığmanın məşqçiləri Hidayətin yeni çəkidə özünü necə hiss etdiyini yoxlamaq istəyirlər. Həmçinin son yarışlarda çəki salmaqla bağlı müəyyən çətinliklər yaşandığını da nəzərə alıblar. Buna görə ona 81 kq-da çıxış etməyi məsləhət görüblər”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

Tərlan Həsənov Hidayət Heydərovun gələcəkdə daimi olaraq bu çəkidə çıxış edib-etməyəcəyini söyləməyin hələ tez olduğunu vurğulayıb:

“Bir il əvvəl keçid olsaydı, daha real görünərdi. Hazırda Bakıdakı dünya çempionatında onun 81 kq-da çıxış edəcəyinə tam əmin deyiləm. Gərək əvvəlcə sabah Çində start götürəcək Qran-pri yarışının nəticələrinə baxaq. Sonrakı qərarlar da böyük ölçüdə bundan asılı olacaq”.

İdman.Biz