Hidayət, Zelim və Madinanın son durumu - Cüdo Federasiyasından İdman.Biz-ə AÇIQLAMA

25 İyun 2026 14:38
125
Hidayət, Zelim və Madinanın son durumu - Cüdo Federasiyasından İdman.Biz-ə AÇIQLAMA

Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərovun yeni çəki dərəcəsində çıxış etməsi ilə bağlı məsələyə aydınlıq gəlib.

İdman.Biz-in sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, “Paris-2024” Olimpiadasının qalibi, dünya və dördqat Avropa çempionunun Sindao Qran-prisində 81 kq çəki dərəcəsində yarışması qərarı məşqçilər heyəti və idmançının ortaq mövqeyi əsasında qəbul olunub.

Federasiyadan verilən açıqlamada qeyd olunub ki, bu addım cüdoçunun sağlamlığının qorunması və yarış təcrübəsinin artırılması məqsədi daşıyır və onun karyerasını hansı çəki dərəcəsində davam etdirməsi barədə yekun qərar daha sonra veriləcək.

Federasiya həmçinin zədə səbəbindən son turnirlərdə iştirak etməyən Zelim Kotsoyev (100 kq) və Madina Kaisinovanın (+78 kq) vəziyyəti barədə də məlumat verib. Bildirilib ki, hər iki cüdoçunun zədəsi yüngül xarakter daşıyır və onların yaxın zamanda tatamiyə qayıtması gözlənilir.

Məhz bu səbəbdən Zelim Kotsoyev və Madina Kaisinova 26-28 iyun tarixlərində Çinin Sindao şəhərində keçiriləcək Qran-pri turnirini buraxacaqlar.

Qeyd edək ki, Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün bu yaxınlarda Monqolustanın Ulan-Bator şəhərində təşkil olunan Böyük Dəbilqə turnirində iştirak etməmişdi. Olimpiya çempionu karyerası ərzində böyüklər arasında qazandığı bütün əsas medalları 73 kq çəki dərəcəsində əldə edib.

İdman.Biz