Əfsanəvi Teddi Riner Bakıya yeni dünya titulunun ardınca gələcək? - İDMAN.BİZ-in İCMALI

30 Aprel 2026 17:48
162
Əfsanəvi Teddi Riner Bakıya yeni dünya titulunun ardınca gələcək? - İDMAN.BİZ-in İCMALI

Dünya cüdosunda fəallıq may ayının əvvəlində öz pik həddinə çatır. Bu, təkcə reytinq turnirləri ilə deyil, həm də təqvimin planlaşdırılması ilə bağlıdır. Artıq sabah Düşənbədə Böyük Dəbilqə turniri start götürəcək, bu gün isə Beynəlxalq Cüdo Federasiyası (International Judo Federation/IJF) daha bir statuslu yarışın keçiriləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, söhbət beynəlxalq təqvimdə ən nüfuzlu yarışlardan biri olan Dünya Mastersdən gedir. Dünya cüdo turunda bu turnir, dünya çempionatları ilə yanaşı, yalnız reytinqə əsasən dəvətlə qatılan ən güclü idmançıları eksklüziv formatda bir araya gətirir.

Masters turnirində hər çəki dərəcəsində dünya reytinqinin ən yaxşı 36 cüdoçusu iştirak edir. Burada bir ölkədən iştirakçı sayına məhdudiyyət qoyulmur. Üstəlik, mükafat xalları olduqca yüksəkdir: qalib 1800 xal, gümüş mükafatçı 1260, bürünc medalçı isə 900 xal qazanır. Beləliklə, Masters dünya reytinqinin və beynəlxalq cüdodakı iyerarxiyanın formalaşmasında həlledici rol oynayır. Turnir artıq Olimpiya təsnifatına daxil edilib və 18-20 dekabr tarixlərində keçiriləcək. Bununla da, Düşənbə dünya təqvimini bağlayacaq.

Qarşıdan gələn yarışın əhəmiyyətini IJF prezidenti Marius Vizer də vurğulayıb: “Masters idmanımızın ən yüksək səviyyəsini təmsil edir, burada yalnız dünyanın ən güclü cüdoçuları toplaşır. Əminik ki, bu turnir təkcə yüksək nəticələr nümayiş etdirməyəcək, həm də yeni nəslə ilham verəcək və dünya cüdo ictimaiyyətini birləşdirən dəyərləri gücləndirəcək”.

Bu arada, artıq sabah Düşənbədə Böyük Dəbilqə turniri start götürəcək. Azərbaycan yığması bu yarışda beş idmançı ilə təmsil olunacaq. Tatamiyə Murad Muradlı (60 kq), Nizami İmranov və İslam Rəhimov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) çıxacaqlar.

Qeyd edək ki, hazırkı Dünya turunda Azərbaycan cüdoçuları üçüncü pillədə qərarlaşıb. Paris, Daşkənd və Tbilisidə keçirilən Böyük Dəbilqə turnirləri, eləcə də Lintsdəki Qran-Pri üzrə nəticələrə əsasən yığmamız altı qızıl, dörd gümüş və altı bürünc medal qazanıb. Bu göstəricidə yalnız Yaponiya və Fransa irəlidədir.

Fransızlardan söz düşmüşkən, əfsanəvi Teddi Riner tatamiyə qayıdış tarixini açıqlayıb. Altıncı Olimpiadasına hazırlaşan üçqat Olimpiya çempionu Parisdəki ev Oyunlarındakı qələbədən sonra sağ dirsəyindən əməliyyat olunub. O, bir neçə gün əvvəl avqustda Lozannada keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcəyini bildirib: “Yarışlara qayıdış hər zaman xüsusi hadisədir. Lozanna ritmə düşmək və idmanla əlaqəni bərpa etmək üçün vacib addımdır”.

Tam mümkündür ki, Teddi Riner oktyabrda Bakıda keçiriləcək dünya çempionatında da iştirak etsin. O, paytaxtımıza təkcə idmançı kimi deyil, fəxri qonaq kimi də səfər edib. Hazırda onun aktivində 12 dünya çempionluğu var.

İdman.Biz