Goranboyda cüdo üzrə birinci dan dərəcəsi imtahanı keçirilib - FOTO

24 Aprel 2026 18:48
167
Goranboyda cüdo üzrə birinci dan dərəcəsi imtahanı keçirilib - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboy rayonunda Qərb bölgəsini təmsil edən məşqçilər üçün birinci dan dərəcəsi üzrə seminar və imtahan keçirilib. Bu addım regionlarda cüdonun metodiki bazasının gücləndirilməsi və məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədini daşıyır.

İdman.Biz xəbər verir ki, tədris prosesinə ümumilikdə 27 məşqçi cəlb olunub. Seminarlara ACF-in təcrübəli təhsil ekspertləri Rafiq Nəcəfov, İsmayıl Rzayev, İbrahim Aslanov və Natiq Qurbanlı rəhbərlik ediblər.

Məşğələlər zamanı iştirakçılara əsasən “nage-no-kata” (atma formaları) istiqamətində həm nəzəri, həm də praktik biliklər verilib. Ekspertlər fəndlərin icra texnikasının incəliklərini nümayiş etdirərək məşqçilərin bacarıqlarının inkişafını təmin ediblər.

Proqramın sonunda keçirilən imtahanı uğurla başa vuran mütəxəssislərə birinci dan dərəcəsi təqdim olunub.

İdman.Biz