Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə aprelin 29-da Cəbrayıl rayonunda kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, Horovlu kəndində keçiriləcək imtahanda yeddi yaşdan yuxarı olan və cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər. Namizədlərin kəmər seçimi onların yaş kateqoriyasına uyğun olaraq müəyyənləşdiriləcək. İmtahan mərhələsini uğurla başa vuran idmançılara ACF tərəfindən müvafiq kəmərlər və sertifikatlar təqdim ediləcək.
Mühüm məqamlardan biri budur ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların rəsmi yarışlarda iştirakına icazə verilməyəcək. İmtahanda iştirak etmək istəyənlər təmsil etdikləri idman klubları vasitəsilə və ya birbaşa Federasiyaya müraciət edərək qeydiyyatdan keçə bilərlər.
