Tbilisidə keçirilən son Avropa çempionatında Azərbaycan cüdoçuları üç medal qazansalar da, qızıl mükafatın olmaması səbəbindən nəticə məyusedici olub.
İdman.Biz xəbər verir ki, komandamız yalnız olimpiya çempionu Hidayət Heydərov (73 kq) tərəfindən qazanılan gümüş və Əhməd Yusifov (60 kq) ilə Turan Bayramov (66 kq) tərəfindən əldə olunan bürünc medallarla kifayətlənib.
Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) isə ümumiyyətlə diskvalifikasiya olunaraq bürünc medal uğrunda mübarizə aparmaq şansını itirib və bu mükafat rəqibi İlya Sulamanidzeyə döyüşsüz verilib.
İdman.Biz Zelim Kotsoyevin eksklüziv müsahibəsini təqdim edir:
- Avropa çempionatından sonra özünüzü necə hiss edirsiniz?
- Belə deyək, çətindir. Çox məyusam, çünki Tbilisiyə bunun üçün getməmişdim. Hələ də bunu qəbul etmək çətindir, baxmayaraq ki, başqa seçim yoxdur.
- Sizi ilk dəfə turnirdən diskvalifikasiya ediblər?
Bəli, amma mənim fikrimcə və əksər ekspertlərin rəyinə görə, heç bir qadağan olunmuş hərəkət etməmişəm.
- Yeri gəlmişkən, sizin prinsipial rəqibiniz gürcü İlya Sulamanidze 1/4 finalda məğlub olmuşdu və müəyyən ssenaridə sizinlə bürünc medal uğrunda qarşılaşa bilərdi. Bəlkə bu, sadəcə fərziyyədir, amma elə təəssürat yaranır ki, Tbilisidə sizin yaxşı formada olduğunuzu görərək bu döyüşü istəmirdilər.
- Açığı, bilmirəm və artıq söz də demək istəmirəm. Sulamanidze ilə bağlı onu deyə bilərəm ki, aramızdakı görüşlər həmişə maraqlı mübarizə şəraitində keçir. Mən həmişə rəqiblərə və hakimlərə hörmətlə yanaşmışam, heç vaxt qeyri-idman davranışı sərgiləməmişəm. Amma bu dəfə nə baş verdiyini başa düşmürəm. Hər halda ruhdan düşmürəm, bunu qəbul edib məşqləri davam etdirəcəyəm. Əsas məqsəd oktyabrda keçiriləcək dünya çempionatıdır, buna görə hazırlaşacağam...
Heç nə olmaz, deməli, Bakıda keçiriləcək dünya çempionatında hamını ipponla məğlub etmək üçün çox yaxşı hazırlaşmalıyıq. Görünür, indi yalnız belə qalib gəlmək lazımdır (gülümsəyir).
- Yeri gəlmişkən, Hidayət Heydərov finalda uduzsa da, onun forması çoxlarını sevindirdi. Demək olarmı ki, biz yenidən 2024-cü il səviyyəsində olan Hidayəti tezliklə görəcəyik?
- Bəli, o çox əzmlə məşq edir, rejimə ciddi riayət edir. Bilirsiniz, Hidayət bir ildə Olimpiadanı, dünya və Avropa çempionatlarını qazanmaqla azarkeşləri bir qədər buna öyrəşdirib. İnsanlar artıq bunu adi hal kimi qəbul edir. Amma cüdoda daim formada olmaq və hər zaman qalib gəlmək çox çətindir. Məsələn, onun Tbilisi finalındakı rəqibi Laşa Şavdatuaşvili də titullu idmançıdır, Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısıdır və həmin final həqiqətən çox çətin keçdi. Hər zaman qalib gəlmək mümkün deyil.
Buna baxmayaraq, Hidayətin yaxşı fəndlər göstərməsi və finala çıxması artıq çox şey deyir. Hesab edirəm ki, o hələ pik formada deyil, amma düzgün istiqamətdə irəliləyir. Mən onun adına çox sevinirəm.
- Bakıdakı dünya çempionatına qədər planlarınız nədir?
- Yəqin ki, Monqolustan və Çində keçiriləcək turnirlərdə çıxış edəcəyik. Bu yarışlarla Olimpiya təsnifatı başlayır. Artıq məşqlərə başlamışam. Ola bilər ki, ilk olaraq Monqolustandakı turnirdə iştirak edim.
