Rəşad Rəsullu: “Avropa çempionatının ilk günündə cüdoçularımızdan qızıl medal gözləyirdik”

16 Aprel 2026 20:49
162
Rəşad Rəsullu: “Avropa çempionatının ilk günündə cüdoçularımızdan qızıl medal gözləyirdik”

“Cüdoçularımız yarışın ilk gününü iki medalla başa vurdular. Lakin biz millimizdən bundan artığını gözləyirdik”.

İdman.Biz AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında ilk günün nəticələri barədə danışarkən deyib.

O, idmançılardan qızıl medal gözlədiklərini bildirib:

“60 və 66 kiloqramda çıxış edən idmançılarımızın performansından razı qaldıq. Demək olar ki, cüzi səhvlər etdilər. Xüsusilə Turan Bayramovun medal əldə etməsi bizi çox sevindirdi. O, çəkisini dəyişdirdikdən sonra nəticələr ard-arda gəldi. Qızlarımızın da çıxışı pis alınmadı. Amma daha yaxşı olmasını istərdik”.

R.Rəsullu Balabəy Ağayevin yarımfinal görüşü barədə fikirlərini bölüşüb:

“Hakim haqsızlığı ilə bağlı fikirlər oldu. Amma biz mütəxəssis olmadığımız üçün buna şərh bildirə bilmərik. Amma Balabəy hazırda çox yaxşı formadadır. Bütün görüşlərdə əziyyət çəkdi, medal qazanmaq istəyirdi. Daha yüksək nəticələr üçün daha çox çalışmaq lazımdır”.

ACF rəsmisi milli komandanın lideri Hidayət Heydərovdan (73 kiloqram) gözləntilərini də bölüşüb: “Hidayət tanıdığı, oyun üslubunu bildiyi rəqiblərlə daha rahat güləşir. Lakin tanımadığı cüdoçularla qarşılaşmalarda nəticə başqa cür olur. Dəqiq proqnoz vermək çətindir”.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

İdman.Biz