Bu gün Tbilisidə start götürən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisinin əsas ümidlərindən biri olimpiya çempionu Zelim Kotsoyevlə bağlıdır. O, 100 kq çəki dərəcəsində turnirdə əsas foviritlərdən biridir.
İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) saytı milli komandanın lideri ilə bağlı qitə birinciliyinin əsas rəqabətli çəki dərəcəsi ilə yazı dərc edilib.
“Kotsoyev turnirə öz gücünü sübut etmək istəyi ilə çıxır. Olimpiya qızılı və 2024-cü ilin dünya çempionu titulu olmasına baxmayaraq, azərbaycanlı idmançının əlavə motivasiyası var”, - deyə EJU yazır.
Bununla yanaşı, bu çəki dərəcəsində əsas süjet onun gürcü cüdoçu İlia Sulamanidze ilə rəqabəti ətrafında formalaşıb.
“Baxmayaraq ki, o Olimpiadada uğur qazanıb, azərbaycanlı idmançı ötən il Avropa çempionatının qızıl medalını itirib və həmin vaxt məhz Sulamanidzeyə uduzub” - yazıda qeyd olunur.
Qeyd olunur ki, hazırda iki cüdoçunun dueli yeni mərhələyə keçib, çünki turnir Gürcüstan cüdoçusunun doğma tatamisi – Tbilisidə keçirilir və şəxsi qarşılaşmaların hesabı bərabərdir: 3:3.
Tarix də intriqanı artırır: son 10 ildə bu çəki dərəcəsində heç kim Avropa çempionu titulunu qoruyub saxlaya bilməyib, həmçinin ev sahibi ölkənin nümayəndəsi 1994-cü ildən bəri qızıl medal qazana bilməyib.
“Əgər Sulamanidze evdə qalib gələ bilsə, bu, ən maraqlı qarşıdurmalardan birinin həlledici nöqtəsi olacaq”, – deyə EJU vurğulayır.
Əsas namizədlər sırasında Rusiya təmsilçisi Arman Adamyan da göstərilir. O, 2023-cü ilin dünya çempionu və 2019-cu ilin Avropa çempionudur, Kotsoyeva qarşı dəfələrlə çətinlik yaradıb və şəxsi qarşılaşmalarda 6:4 öndədir. Bundan əlavə, medal uğrunda mübarizəyə ukraynalı Anton Savitski və təcrübəli Niderland cüdoçusu Mayxel Korrel də qoşulur.
Qeyd olunur ki, Kotsoyev, Sulamanidze və Adamyanın iştirakı ilə keçirilən döyüşlərdə nəticəni çox vaxt bir an həll edə bilər.
“Nəticə böyük ehtimalla tək bir partlayıcı hərəkətlə müəyyən olunacaq”, – deyə mənbə bildirir.
Beləliklə, 100 kq çəki dərəcəsi turnirin ən gərgin kateqoriyalarından biri olacağı gözlənilir və Zelim Kotsoyev təkcə favorit statusunu təsdiqləməyə deyil, həm də Avropa qızılını geri qaytarmağa çalışacaq.
