Turan Bayramov: “Yol verdiyim səhv qızıl medala mane oldu” – İDMAN.BİZ GÜRCÜSTANDA + VİDEO

16 Aprel 2026 19:53
196
Turan Bayramov: “Yol verdiyim səhv qızıl medala mane oldu” – İDMAN.BİZ GÜRCÜSTANDA + VİDEO

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında qazandığı uğuru şərh edib.

İdman.Biz-in Gürcüstana ezam olunmuş əməkdaşının məlumatına görə, cüdoçu jurnalistlərə açıqlamasında bu nəticəni özü üçün çox uğurlu hesab etdiyini vurğulayıb. Bayramov qitə birinciliyi üçün heyətə daxil edilməsinin qəfil baş verdiyini qeyd edib: “Əslində mənim milliyə dəvətim son anda reallaşdı. Komanda yoldaşım Ruslan Paşayev zədələndiyi üçün heyətə cəlb olundum”.

Gürcüstanın onun üçün hər zaman uğurlu məkan olduğunu deyən Turan Bayramov daha əvvəl burada keçirilən “Böyük Dəbilqə” turnirində də bürünc medal qazandığını xatırladıb. O, daha yüksək nəticə göstərmək potensialının olduğunu da gizlətməyib: “Bu dəfə birinci yeri tuta bilərdim, lakin yol verdiyim səhv qızıl medal qazanmağıma mane oldu”.

Xatırladaq ki, Turan Bayramov üçüncü yer uğrunda keçirilən gərgin görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gələrək Avropa çempionatının mükafatçısı olub.

İdman.Biz