Tbilisidə təşkil olunan Avropa çempionatında bürünc medal Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) gələcək yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı hədəfləyir.
İdman.Biz-in Gürcüstana ezam olunmuş əməkdaşının məlumatına görə, bürünc medal uğrunda görüşün onun üçün uğurlu keçdiyini deyən Yusifov yarışa çox ciddi hazırlaşdıqlarını vurğulayıb. Ardıcıl ikinci dəfə qitə birinciliyində üçüncü yeri tutduğunu xatırladan cüdoçu artıq hədəfinin nəticəni qızıla çevirmək olduğunu və bunun üçün daha çox çalışacaqlarını qeyd edib.
Təcrübəli idmançı finala qədər irəliləyəcəyini düşünsə də, idmanda məğlubiyyətin qaçılmaz olduğunu və səhvlərindən nəticə çıxaracağını bildirib. Yusifovun sözlərinə görə, səhvlərin üzərində işləyib daha güclü qayıtmaq əsas şərtdir. O, üçüncü yerin pis nəticə olmadığını, bürünc mükafat uğrunda qarşılaşmada komanda yoldaşı ilə üz-üzə gəldiyini və onlardan birinin mütləq qalib gəlməli olduğunu xüsusi vurğulayıb.
Xatırladaq ki, Əhməd Yusifov bürünc medal uğrunda gərgin keçən qarşılaşmada komanda yoldaşı Balabəy Ağayevi üstələyərək mükafatçılar sırasına düşüb.
