Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, həmçinin milli komandaların məşqçi heyəti iştirak edib.
Federasiya rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitəmiqyaslı mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.
Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Azərbaycan qitə çempionatında 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq. Yarışda ölkəmizi kişilər arasında Balabəy Ağayev (60 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Kənan Nəsibov (+100 kq), qadınlar arasında isə Könül Əliyeva (48 kq), Şəfəq Həmidova (48 kq), Leyla Əliyeva (52 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) təmsil edəcəklər.
