Aprelin 16-da Tbilisidə start götürəcək Avropa çempionatı ərəfəsində Avropa Cüdo İttifaqı “Qızıl kolleksiyaçıları” adlı layihəyə start verib. Bu layihədə xüsusi yer (73 kq) çəki dərəcəsində çıxış edən və qitə birinciliyində dörd dəfə qalib gəlmiş Hidayət Heydərova ayrılıb. Məhz azərbaycanlı idmançı komanda yoldaşı Zelim Kotsoyev (100 kq) ilə birlikdə yarışın əsas favoritlərindən biri hesab olunur.
İdman.Biz xəbər verir ki, Hidayət ilk dəfə 2017-ci ildə Avropa çempionatında qələbə qazanıb, daha sonra isə 2022–2024-cü illərdə het-trikə imza atıb. Hazırda məhz olimpiya çempionu titul sayına görə rekordçudur və çexiyalı Lukaş Krpalek, gürcü Tato Qriqalaşvili və ispaniyalı Fransisko Qarriqosu qabaqlayır (hamısının hesabında üç qələbə var). Köhnə qitədə qələbə sayına görə ümumi lider isə beş dəfə qalib olmuş fransalı Roman Diko sayılır. O, indi altıncı dəfə Avropa çempionatının qalibi olmağa çalışacaq.

Tbilisidə ulduzlarla zəngin heyət gözlənilir. Tatamiyə yeddi olimpiya çempionu çıxacaq ki, bu da turniri son illərin ən rəqabətli yarışlarından birinə çevirir. Onların arasında Heydərov və Kotsoyevlə yanaşı, adı çəkilən Krpalek, Laşa Şavdatuaşvili və Laşa Bekauri (hər ikisi Gürcüstan), Distriya Krasniqi (Kosovo) və Alis Bellandi (İtaliya) də var.
Tbilisi Avropa çempionatına ikinci dəfə ev sahibliyi edəcək. Şəhər daha əvvəl 2009-cu ildə qitənin ən güclü cüdoçularını qəbul edib. Həmin vaxt yarışda 39 ölkədən 260 idmançı iştirak edib. 2026-cı ildə isə miqyas xeyli artıb: hazırda 46 dövlətdən 410 idmançının iştirakı gözlənilir.
Qeyd etmək lazımdır ki, ilk cüdo üzrə Avropa çempionatı 75 il əvvəl – 1951-ci ildə Parisdə keçirilib və həmin yarışda fransalı idmançılar bütün beş çəki dərəcəsində qələbə qazanıblar. Onilliklər ərzində turnir əhəmiyyətli dərəcədə inkişaf edərək dünya idman təqviminin ən nüfuzlu yarışlarından birinə çevrilib.
İki onillik ərzində Avropa çempionatı Qərbi Avropa ölkələrinin üstünlüyü altında keçib. Yalnız 1970-ci ildə turnir ilk dəfə sosialist blokuna daxil olan şəhərdə – Şərqi Berlində təşkil olunub. Dörd il sonra isə Genuyada ilk dəfə qadınlar arasında Avropa çempionatı keçirilib.
1987-ci ildən etibarən kişilər və qadınlar eyni turnir çərçivəsində çıxış edirlər. 2026-cı il çempionatı kişilər üçün 75-ci, qadınlar üçün isə 52-ci olacaq.
Bütün tarix boyu çempionatların lideri Fransa millisidir:
Fransa - 249 qızıl, 169 gümüş, 259 bürünc medal
Niderland - 105 qızıl, 87 gümüş, 168 bürünc medal
Almaniya - 96 qızıl, 115 gümüş, 281 bürünc medal

