“Gəncə şəhərində keçirilən cüdo üzrə Avropa Kuboku turniri təkcə idmançıların çıxışı ilə deyil, həm də hakimlik baxımından diqqət mərkəzində olub”.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bildirib.
“Yarışda Azərbaycanın dörd gənc hakimi ilk dəfə olaraq belə səviyyəli beynəlxalq turnirə təyinat alaraq debüt edib. Onlar Əzizə Cəfərova, İslam Nəcəfquliyev, Sadiq Qurbanlı və Vilayət Rəhimli olublar. Hakimlər yarış zamanı qaydaların tətbiqinə ciddi yanaşma nümayiş etdirib, epizodlarda düzgün mövqe seçərək qərarları dəqiqliklə veriblər. Onların performansı yarışın ümumi gedişində müsbət qiymətləndirilib”, - deyə Rəhimli söyləyib.
Qeyd edilir ki, bu hakimlər təsadüfi seçim əsasında deyil, uzunmüddətli hazırlıq prosesi və ciddi qiymətləndirmələrdən sonra turnirə cəlb olunublar. Nəzəri və praktiki hazırlıq onların beynəlxalq arenada daha inamlı çıxış etməsinə şərait yaradıb.
Beynəlxalq səviyyəli yarışlarda hakimlik yalnız qaydaları bilmək deyil, həm də epizodu əvvəlcədən oxumaq, düzgün mövqe seçmək və oyunun ritmini qorumaq bacarığı tələb edir. Bu baxımdan gənc hakimlərin debütü qənaətbəxş hesab olunur.
Beynəlxalq dərəcəli hakim bildirib ki, bu cür turnirlər gənc hakimlərin inkişafı və beynəlxalq təcrübə qazanması üçün mühüm mərhələdir:
“Ümumilikdə, bu debüt çıxış göstərib ki, gənc hakimlərdə ciddi potensial mövcuddur və düzgün istiqamətdə inkişaf etdirildikləri təqdirdə beynəlxalq hakimlik sistemində yer tuta bilərlər”.
