Aysun Məmmədova Poznanda Azərbaycan himnini səsləndirdi - FOTO

29 Mart 2026 22:18
103
Aysun Məmmədova Poznanda Azərbaycan himnini səsləndirdi - FOTO

Polşanın Poznan şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa Kuboku Azərbaycan yığması üçün uğurla başa çatıb. Yarışın son günündə milli komandamızın üzvü bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdman.Biz xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Aysun Məmmədova turnir boyunca inamlı çıxış nümayiş etdirib. Cüdoçumuz finala gedən yolda Polşa təmsilçisi Nina Potok, Böyük Britaniyalı Lola Hodson və isveçli Sofia Kordovanı məğlub edərək mübarizədən kənarlaşdırıb.

Həlledici qarşılaşmada Aysun Məmmədova Böyük Britaniyanın digər idmançısı Keyt Çişolmla üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqibinə qalib gələn təmsilçimiz qızıl medalı aktivinə yazdırıb. Bu qələbə Aysun üçün xüsusi əhəmiyyət kəsb edir, çünki o, karyerasında ilk dəfə gənclər arasında beynəlxalq turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, Poznandakı Avropa Kubokunda 21 ölkədən ümumilikdə 267 cüdoçu qüvvəsini sınayıb.

İdman.Biz