Rüstəm Alimli: “Qurban Qurbanov 1-ci yerə layiq idi” - MÜSAHİBƏ

Müsahibə
28 Dekabr 2023 16:14
645
Rüstəm Alimli: “Qurban Qurbanov 1-ci yerə layiq idi” - MÜSAHİBƏ

“İlin ən yaxşı məşqçisi” nominasiyasında üçüncü olan cüdo üzrə Azərbaycan millisinin məşqçisi Rüstəm Alimlinin İdman.biz saytına müsahibəsi

- Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə ən yaxşı məşqçilərindən biri kimi mükafatlandırıldız. “Üçlük”də yer alacağınızı gözləyirdiz?

- Namizədlər arasında çox güclü məşqçilərin adları var idi. Öz nəticələrimi analiz edəndə gördüm ki, həqiqətən də bu il həm də baş məşqçisi olduğum cüdo üzrə Azərbaycanın yeniyetmələrdən ibarət komandası fantastik nəticə göstərib. Nəticələrə baxsaq, bizim qədər medal qazanan başqa idman növü yoxdur. İnanırdım ki, ilk “üçlük”də olacam. Sadəcə bu nəticələri yeniyetmələrdə qazandığım üçün şübhələrim var idi. Çox xoş oldu. Qurban Qurbanov 1-ci yerə layiq idi. Azərbaycan futbolunda böyük işlər görüb.

- Onda ili sizin üçün unudulmaz adlandıra bilərik?

- Bu il həm mən, həm də Azərbaycan Cüdo Federasiyası üçün çox uğurlu oldu. 51 ildir fəaliyyət göstərən federasiyamızda belə nəticə qeydə alınmamışdı. Qatıldığımız bütün yarışlarda birinci olduq. Həqiqətən də fantastik bir il idi. Özüm də gözdəməzdim. Federasiya və məşqçilər korpusunun da bunda böyük rolu oldu. Azərbaycan prezidenti cənab İlham Əliyev də bu uğurları dəyərləndirdi. Mənə mənzil hədiyyə olundu. İlin ən yaxşı məşqçilərindən seçildim. Bu mənim üçün böyük motivasiyadır. Yeni ildə daha da çox çalışmalıyam ki, bu mükafatları boş yerə aldığım deyilməsin. Özümü yenə doğrultmaq üçün əlimdən gələni edəcəm.

- Bəs qazandığınız uğurlardan hansı daha dəyərlidir?

- Ən yaddaqalan qələbə dünya çempionatında idi. Finala eyni soyadı daşıyan 2 azərbaycanlı idmançı çıxdı. Nihat Məmişov və Məhəmməd Məmişov bir-birilərinə rəqib oldular. Mundialdan çoxdan qızıl medal qazanmırdıq. Bu çox yaddaqalan oldu.

- Dünya və Avropa çempionları olan yeniyetmələrin gələcəkdə böyüklər arasında uğurlu olacağını düşünürsünüz?

- Yeniyetmələrdən Məhəmməd Musayev 60 kq-da dünya çempionudur və Avropa Oyunlarının finalçısıdır. Məşqçilər onun çıxışlarına baxdıqdan sonra U-23 Avropa çempionatına apardılar və o, yeniyetmə olmasına baxmayaraq orda bürünc medal qazandı. Aşağı yaş qrupunda Avropa çempionu Ramazan Əhmədov gənclərdə ilk çıxışında mundialın “bürünc”ü uğrunda güləşdi. Bu, artıq siqnaldır. Əbil Yusifov, Süleyman Şükürov gənclərin beynəlxalq yarışlarında qızıl medal qazandı. Əminlik ilə deyə bilərəm ki, bu yeniyetmələr öz sözlərini deyəcəklər.

- Böyüklərdən ibarət milli ilə fikirləriniz necədir?

- Yığmada abu-hava çox yaxşıdır. Hamımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşırıq. Cüdoçularımızın əsas hədəfi Olimpiadadır. Orda çıxış etmək yox, medal qazanmaq istəyirik. Paris-2024-də ən azı 2 medalımız olacağına inanıram. Onlardan biri qızıl mükafat olacaq.

- Adlarını çəksəz, kimləri fərqləndirərdiz?

- Olimpiadanın atmosferi tamam fərqlidir. İdmançının günü olsa, hər biri medal qazana bilər. Amma gedişata baxsaq, Zelim Kotsoyev və ya Hidayət Heydərov qızıl medal qazan bilər. Şansları çoxdur.

- Gələcək hədəfləriniz nələrdir?

- Hazırda 37 yaşım var. Hələ karyerama yeni başlamışam. 2018-ci ildən yığmada çalışıram. Dayanmaq fikrim yoxdur. Rəhbərlik tərəfdən nə tapşırıq verilsə, yerinə yetirməyə hazıram. Hansı millidə çalışmağımdan asılı olmayaraq sevdiyim işi layiqincə görəcəm.

Emin Ağa
İdman.biz