Millimizin aparıcı cüdoçusu yenidən zədələndi

Xəbərlər
16 Yanvar 2026 13:03
37
Millimizin aparıcı cüdoçusu yenidən zədələndi

Azərbaycan milli komandasının cüdoçusu Elcan Hacıyev yenidən zədələnib.

İdman.Biz sportnet.az-a istinadən xəbər verir ki, bu barədə federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, 90 kq çəki dərəcəsində çıxış edən E.Hacıyev Avstriyanın Mittersill şəhərində keçirilən təlim-məşq toplanışı zamanı xəsarət alıb. 24 yaşlı idmançı 4-8 həftə müddətinə yarışlardan kənarda qalacaq.

Bu səbəbdən E.Hacıyev 7-8 fevralda baş tutacaq Paris Böyük Dəbilqəsində iştirak edə bilməyəcək. O, ən yaxşı halda 27 fevral - 1 mart tarixlərində keçiriləcək Daşkənd Böyük Dəbilqəsində tatami üzərinə çıxa bilər.

Rəşad Rəsullu bildirib ki, bu zədə istənilən halda idmançının hazırlıq prosesinə mənfi təsir göstərəcək: “Elcan əsas idmançılarımızdan biridir”.

Federasiya rəsmisi həmçinin qeyd edib ki, Avstriya toplanışında Murad Fətiyev, Ömər Rəcəbli və Əhməd Yusifov iştirak etməyib. Onlar 2025-ci ilin sonlarında aldıqları zədələr səbəbindən toplanışa qatılmasalar da, artıq bərpa olunublar.

Qeyd edək ki, Elcan Hacıyev 2024-cü il Avropa çempionatında və 2025-ci il Altıncı İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. O, ötənilki dünya çempionatında karyerasında ilk dəfə bürünc medala sahib olub. E.Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 final görüşündə Fransalı Nqayap Hambu ilə döyüş zamanı çiynindən ciddi zədə alaraq xəstəxanaya aparılmışdı.

İdman.Biz