Ötən axşam başa çatan cüdo üzrə Azərbaycan çempionatı maraqlı mübarizələrə səhnə oldu.
Bir çox əsas idmançıların müxtəlif çəki dərəcələrində iştirak etməməsinə baxmayaraq, yarış gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb.
Aparıcı ağır çəkili idmançılarının çıxışını İdman.Biz-ə 2008-ci ilin Pekin Olimpiadasının bürünc mükafatçısı, keçmiş cüdoçu, hazırda isə DİN-in İdman Təşkilatının rəhbəri Mövlud Mirəliyev şərh edib.
Mirəliyev bildirib ki, onun vaxtilə çıxış etdiyi 100 kq-a qədər çəki dərəcəsində hazırda birinci nömrə Olimpiya çempionu Zelim Kotsoyevdir:
“Əlbəttə, Elmar Qasımov Zelim tatamiyə çıxmadığı turnirlərdə qalib gəlir. Amma təəssüf ki, bu gün beynəlxalq arenada onunla rəqabət apara bilmir. Bu, təkcə yaşla bağlı deyil. Elmar tatamiyə qayıtmazdan əvvəl çox uzun fasilə verib. Ona görə də özü də etiraf edir ki, hələ ciddi beynəlxalq yarışlar üçün tam hazır deyil”.
Mövlud Mirəliyev +100 kiloqram çəkidə Azərbaycan çempionu olan Kənan Nəsibovun çıxışına da toxunub:
“Kənan bəlkə də Elmar qədər istedadlı deyil, amma çox gənc və iddialıdır. Bununla belə, düşünürəm ki, hazırda o da milli komandanın birinci nömrəsi olan Uşanqi Kokauriyə ciddi rəqib ola bilməz. Lakin çempionat göstərdi ki, Nəsibov artıq möhkəm ikinci nömrədir və gələcəkdə Kokaurinin yerini beynəlxalq arenada ən yüksək səviyyədə doldurmağa hazır olacaq”.
Vüqar Vüqarlı
