Sabah Fransanın paytaxtı Parisdə start götürəcək veteran cüdoçular arasında dünya çempionatında tanınmış adlar da mübarizə aparacaq. Onlardan biri də Azərbaycan yığmasının heyətində yarışa qatılacaq olimpiya və dünya çempionatlarının bürünc mükafatçısı Mövlud Mirəliyevdir.
İdman.Biz xəbər verir ki, hazırda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri, polis polkovniki olan 51 yaşlı cüdoçu bu dəfə də öz sevimli - 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq.
Təcrübəli idmançı yarış öncəsi saytımıza müsahibə verib:
Peşəkar karyerasını bitirdikdən sonra bu qədər illər keçməsinə baxmayaraq, o, necə formadadır və Parisdə qarşısına hansı məqsədi qoyub? Qısa söhbətimizə də bu suallardan başladıq:
- Hə, indi mən məmur olsam da, bu, yalnız kağız işləri ilə məşğul olduğum anlamına gəlmir. İmkan düşən kimi fiziki formamı qorumağa çalışıram, zala gedirəm, məşq edirəm. Buna görə də idman karyeram dövründəki çəkimi qoruyub saxlamışam. Üstəlik, vəzifəmə görə də polis əməkdaşlarının artıq çəkisinə qarşı “mübarizə aparmaq” mənim borcumdur. Yəni heç olmasa, şəxsi nümunəmlə göstərməliyəm ki, formadan düşməmək necə olur. Bundan başqa, dünya çempionatında iştirak etməyə qərar verdikdən sonra məşqləri daha da intensivləşdirdim.
- Bəs məqsədiniz nədir?
- Qələbədən başqa hansı məqsəd ola bilər ki?
- Yanılmıramsa, bu, veteranlar arasında dünya çempionatında üçüncü iştirakınızdır?
- Bəli, tamamilə doğrudur. 2014-cü ildə Malaqada, 2023-cü ildə isə Əbu-Dabidə çıxış etmişəm. Hər iki dəfə qalib gəlmişəm. İndi də düşünürəm: bir dəfə peşəkarlar arasında üçüncü olmuşdum, elə isə niyə veteranlar arasında üç dəfə birinci olmayım? (gülür) Amma ciddi desəm, sadəcə cüdonun ab-havasını, döyüşlərdən əvvəlki o hissləri, keçmiş rəqiblərlə ünsiyyəti çox darıxıram.
- Burada rəqabət böyüklər arasında olduğu qədər güclüdürmü?
- Əlbəttə. Burada təkcə çəki yox, həm də yaş kateqoriyaları var, ona görə idmançıların sayı çoxdur. Bildiyimə görə, bu çempionatda müxtəlif çəki və yaş kateqoriyalarında 2500-dən çox cüdoçu çıxış edəcək. Mən 100 kq-a qədər çəki dərəcəsində, 50–55 yaşlı cüdoçular arasında mübarizə aparacağam. Ola bilsin, gənclikdəki qədər sürətli deyilik, amma tatamidəki ehtiras heç də azalmayıb, qələbə istəyi isə hələ də tükənməyib.
Vüqar Vüqarlı
