"Festivalda final gününün 8 noyabrda keçirilməsi xüsusi bir məqamdır. Bu bizim Zəfər bayramımızdır. İstədik ki, bu bayrama az da olsa, töhfəmizi verək".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, yarışda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə çövkən çempionatı, cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq: “Bu festival çərçivəsində ilk dəfə çövkən üzrə dünya çempionatı keçiriləcək. Tədbirin ilk və 2-ci günündə 3 oyun keçiriləcək. Yarışları macarıstanlı hakim idarə edəcək. Bunu “Fair-play” üçün etdik. Bütün iştirak edən komandalar tərəfimizdən atlarla təmin olunacaq. Bu atlar püşkatma nəticəsində komandalara veriləcək. Bununla da güc balansını qoruyacağıq".
Nəbiyev çövkən oyunu haqda da məlumat verib və qeyd edib ki, bu, Azərbaycanın qədim atüstü oyunudur: “Bəzi ölkələrdə də qədimdən oynanılır".
Qeyd edək ki, çövkən çempionatında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edəcək.
Emin Ağa
İdman.biz