Bakıda təşkil olunan “Sea Breeze 2026” beynəlxalq çimərlik polo turniri ilə bağlı gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.
İdman.Biz xəbər verir ki, nazir yarışın ölkə üçün növbəti uğurlu idman tədbirlərindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, Bakı son illərdə çoxsaylı beynəlxalq yarışlara ev sahibliyi edir və bu proses davam edəcək:
“Bakı dünyanın idman paytaxtıdır. Bu il şəhərimiz bir sıra idman tədbirlərini qəbul edib və bu proses davam edəcək. Çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turniri də növbəti uğurlarımızdan biridir. Təşkilatçılığa görə “Sea Breeze” rəhbərliyinə təşəkkür edirəm. Qalib gələn Azərbaycan komandasını ürəkdən təbrik edirəm. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan Respublikası Atçılıq Federasiyası ümumilikdə çox fəal fəaliyyət göstərir”.
Fərid Qayıbov əlavə edib ki, növbəti ildən etibarən Bakıda yeni idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Elit polo club” finalda İsveçrənin “Sankt-Moritz” komandasına 6:4 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
