Misirin Marsa Alam şəhərində keçirilən Beynəlxalq Çövkən Federasiyasının (ICF) dördüncü Assambleyasında yeddi ölkənin təşkilata üzvlüyü təsdiqlənib.
İdman.Biz xəbər verir ki, 58 ölkənin iştirakı ilə baş tutan tədbirdə Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və İran federasiyanın yeni üzvləri seçiliblər.
Assambleyada çövkən idmanının gələcək inkişafı, 2027-ci ildə keçiriləcək kontinental çempionatların təşkili, regional qrupların fəaliyyəti və yarış qaydalarına dəyişikliklər müzakirə olunub.
Qərara əsasən, 2027-ci ildə Avropa çempionatı Böyük Britaniyada, Asiya çempionatı Qazaxıstanda, Afrika çempionatı Mərakeşdə, Cənubi Amerika çempionatı isə Çilidə təşkil ediləcək.
Küveytin təşəbbüsü ilə Körfəz ölkələri Regional Qrupunun yaradılması da səs çoxluğu ilə təsdiqlənib. Qrupun rəhbərliyinə Küveyt nümayəndəsi seçilib. Asiya və Avropa regional qruplarının rəhbərləri də yenidən müəyyənləşdirilib. Onların səlahiyyət müddəti 2029-cu ilədək davam edəcək.
Bundan başqa, çövkən yarışlarında qırmızı kart və penalti tətbiqi ilə bağlı qaydalar yenilənib.
Tədbirdə 2027-ci ilin martında Netflix platformasında yayımlanması nəzərdə tutulan “Horses and Human” filminin qısa treyleri də nümayiş etdirilib.
Assambleyanın proqramına əsasən, noyabrın 7-də iştirakçı ölkələrin nümayəndələri arasında yoldaşlıq çövkən oyununun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyası 2024-cü ildə Bakıda təsis olunub və təşkilatın baş qərargahı da Azərbaycan paytaxtında yerləşir.
