Peşəkar Çövkən Liqasında çempion bir tur əvvəl müəyyənləşə bilər

24 Oktyabr 2026 20:52
105
Peşəkar Çövkən Liqasında çempion bir tur əvvəl müəyyənləşə bilər

Peşəkar Çövkən Liqasında çempionluq uğrunda mübarizə davam edir. Yarışın başa çatmasına iki tur qalmış çempionluğa iddialı komandalar növbəti qələbələrini qazanıblar.

İdman.Biz Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, “Sərhədçi” “Şamaxı” üzərində çətin qələbə əldə edib. İlk hissədən sonra şamaxılılar iki top fərqi ilə öndə olsalar da, “Sərhədçi” ikinci hissənin əvvəlində fərqi azaldıb, az sonra isə hesabı bərabərləşdirib. Ardınca daha bir qol vuran komanda 3:2 hesablı qələbə qazanıb.

“Elite” son vaxtlar zəif çıxış edən “Omar”ı 9:0 hesabı ilə məğlub edib. “Polad” “Embawood” üzərində 2:0 hesablı qələbə qazanıb. “Zəfər” isə “Atilla”nın qapısından 12 cavabsız top keçirib.

“Buta Golden” yarışdan kənarlaşdığı üçün “Xəzər”ə 6:0 hesablı texniki qələbə verilib.

Ölkə çempionu sona bir tur qalmış müəyyənləşə bilər. Belə ki, 17-ci turda “Sərhədçi” “Zəfər”ə, “Polad” isə “Elite”yə qalib gələrsə, “Sərhədçi”nin çempionluğu rəsmiləşəcək.

İdman.Biz