Azərbaycan Peşəkar Çövkən Liqasına yekun vurulub.
İdman.Biz xəbər verir ki, noyabrın 21-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə son turun oyunları və mükafatlandırma mərasimi keçirilib.
Həlledici turun qarşılaşmasında “Sərhədçi” və “Elite” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş “Elite”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Buna baxmayaraq, yekun xal cədvəlində üstünlüyünü qoruyan “Sərhədçi” Peşəkar Çövkən Liqasının çempionu olub. “Elite” mövsümü ikinci, “Polad” isə üçüncü pillədə tamamlayıb.
Yarışın son gününə Vətən uğrunda şəhid olmuş şəxslərin ailə üzvləri və övladları fəxri qonaq qismində dəvət ediliblər. Tədbirdə Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramı da təşkil olunub.
Mükafatlandırma mərasimində Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev oyunları idarə edən hakimlərə diplomlar təqdim edib. Qalib və mükafatçılar medallarla təltif olunublar, çempionluq kuboku isə “Sərhədçi”nin kapitanına verilib.
