Atçılığın konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTO

14 Noyabr 2026 19:41
53
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı başa çatıb.

İdman.Biz xəbər verir ki, Binə Atçılıq Mərkəzində keçirilən yarışda yeddi klub və cəmiyyəti təmsil edən 70-ə yaxın idmançı üç kateqoriya üzrə mübarizə aparıb.

Hündürlüyü 70-80 sm olan maneələrin dəf edilməsində Respublika Atçılıq və Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Viktoriya Nduka “Barat” ləqəbli atla çempion olub. Onun komanda yoldaşı Cavid Qurbanəliyev “Burla” ilə ikinci, “Sərhədçi”nin təmsilçisi Əhəd Məmmədov isə “Nabat”la üçüncü yeri tutub.

100-115 sm hündürlüklü maneələr üzrə yarışda “Elite” klubunun üzvü Anar Hümbətov “Zirvə” atı ilə qızıl medal qazanıb. Onun klub yoldaşı Seyid Musayev “Parlaq” və “Uca” ləqəbli atlarla müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib çıxıb.

Ən yüksək kateqoriyada - 125-130 sm hündürlüklü maneələrin dəf edilməsində isə “Omar” Atçılıq Klubunun üzvü Kənan Novruzov fərqlənib. “Tutu MNM” atı ilə çıxış edən idmançı marşrutu cərimə balı olmadan tamamlayan yeganə iştirakçı kimi çempion adını qazanıb. Seyid Musayev “Zidan”la ikinci, “Sərhədçi”nin üzvü Ramil İbrahimov isə “Şirin”lə üçüncü olub.

Yarışın sonunda qaliblər və mükafatçılar diplom və medallarla, çempionlar isə kuboklarla təltif ediliblər. Mükafatları Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

İdman.Biz