Azərbaycanlı idmançı Avrasiya çempionu olub

Xəbərlər
20 Sentyabr 2023 17:19
312
Azərbaycanlı idmançı Avrasiya çempionu olub

Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə cavan atların Avrasiya çempionatında Azərbaycan idmançısı Aydın Əlibəyov çempion tituluna yiyələnib.

Atlet bununla bağlı özü İdman.biz-ə açıqlama verib.

Əlibəyov çempionluq uğrunda mübarizənin asan olmadığını deyib: “Yarış Rusiyanın ən böyük atçılıq klubu olan “Maksima Ekvisport"da baş tutdu. Çempionat yaxşı səviyyədə təşkil edilmişdi. Bu yarışda ölkəmizi 2 atla təmsil edirdim ki, bunlar 6 yaşlı “Reverie” və 7 yaşlı “So Classi CG” idi. Güclü rəqiblərim var idi, buna baxmayaraq, yarışa yüksək səviyyədə hazırlaşmışdım. Turnirə çempion olmaq məqsədilə qatılmışdım. Sözün düzü, həyəcandan çox məsuliyyət hissi məni səhvsiz yarışmağa vadar edirdi. Özümü toplayıb yarışlara başladım. 2 mərhələdən ibarət çempionatın ilk günündə - təsnifatda “Reverie” ilə birinci, “So Classi CG”la isə ikinci yeri tutdum. Final günündə isə hər iki atla bütün rəqiblərimi üstələyərək çempion adını qazandım”.

Yarışda Azərbaycandan başqa, Belarus, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandan 100-dən çox idmançı iştirak edib. Təmsilçimizin sözlərinə görə, turnirdə hədəfi üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq olub və bunu bacarıb: “Qarşıda Avropa çempionatlarına, Dünya Kubokuna və ən əsas Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına qatılmaq üçün çalışırıq və bu cür motivasiya ilə hazırlaşıb yeni uğurlara imza atmaq istəyirik”.

Ağa Dadaşzadə

İdman.biz