Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı bəlli olub - FOTO

Xəbərlər
20 May 2024 12:41
163
Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı bəlli olub - FOTO

Azərbaycan Peşəkar Çövkən Liqasında 10 komanda çıxış edəcək.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

O bildirib ki, ilk dəfə təşkil olunacaq yarışda “Ağstafa Dilbaz”, “Elit”, “Embavud”, “Köhlən”, “Qarabağ”, “Omar”, “Polad”, “Sərhədçi”, “Şirvan” və “Zəfər” komandaları mübarizə aparacaq: “İnanıram ki, peşəkar şəkildə ədalət prinsipinə uyğun olaraq oyunlar keçiriləcək. Bütün görüşlər Binə Atçılıq Mərkəzində baş tutacaq. Lakin artıq gələn ildən komandaların öz meydanları yaradılacaq və orada da oyunlar baş tutacaq. Bununla bağlı artıq işlər görülür. Liqanın son turu dekabrın 3-4-də keçiriləcək. Qalib komanda 3 xal əldə edəcək. Heç-heçəyə isə 1 xal veriləcək”.

Onun sözlərinə görə, daha əvvəl çövkən yarışının Şəkidə təşkili planlaşdırılıb: “Burada məkanın hazır vəziyyətə gətirilməsi ilə bağlı işlər görülür. Hər regionda bir meydanın salınmasını planlaşdırırıq və ətraf rayonlardan komandalar toplamaq istəyirik. Bu da Region Liqası adlanacaq. Peşəkar Çövkən Liqası tək bu növ üzrə deyil, atçılığın digər növlərinin inkişafına da səbəb olacaq”.

Qeyd edək ki, Peşəkar Çövkən Liqasına mayın 21-də start veriləcək.

Banuçiçək Hüseynli
İdman.biz