Bakıda konkur üzrə “Omar” kuboku keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyası məlumat yayıb.
Bildirilib ki, hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayışa vəsiqə əldə edib.
Təkrar yarışlarda Anar Hümbətov “Zirvə” atı ilə yarışların qalibi olub və baş kuboku qazanıb. O, “Məğrur” atı ilə də yarışıb və 3-cü nəticəni göstərib. Cahangir Novruzbəylinin “Naxış” atı ilə 2-ci olduğu kateqoriyada 4-cü yeri “Parlaq” atı ilə Seyid Musayev, 5-ci yeri isə “Fine Chocolate” ləqəbli atla Valeriya Roşenko tutub.
Hündürlüyü 130-135 sm olan maneələrin dəf edilməsi üzrə M klass yarışlarında starta 7 konkurçu çıxıb. İlkin mərhələnin yekununa görə A.Hümbətovun “Zirvə” atı 3-cü yeri tutub.
S.Musayevin “Zidane D” və Kənan Novruzovun “Miss Baloubet MNM” atı finalda gərgin mübarizə ilə yadda qalıblar. K.Novruzov son sıçrayışda ardıcıl iki maneəni aşıraraq qələbəni əldən verib və ikinciliklə kifayətlənib. Bu kateqoriyada qalib adını S.Musayev qazanıb.
