Azərbaycanda atçılıq idmanı hansı məkanda və necə inkişaf etdirilir? - İDMAN.BİZ-in MÜSAHİBƏSİ

22 Avqust 2026 17:58
131
Azərbaycanda atçılıq idmanı hansı məkanda və necə inkişaf etdirilir? - İDMAN.BİZ-in MÜSAHİBƏSİ

Azərbaycanda uşaqların sadəcə məşq etdiyi yox, həm də hərtərəfli inkişaf etdiyi, istirahət etdiyi və böyük bir icmanın üzvünə çevrildiyi unikal, tamamilə ödənişsiz atçılıq məktəbi fəaliyyət göstərir. Ola bilsin ki, gələcəyin Olimpiya çempionları məhz burada yetişirlər. Axı atçılıq Olimpiya proqramında üç fərqli növlə təmsil olunur. Məktəb uşaqların ikinci evinə də çevrilib: burada ad günləri qeyd olunur, film nümayişləri və müxtəlif tədbirlər təşkil edilir.

Söhbət Atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış Uşaq-Gənclər Respublika Olimpiya Ehtiyatları Məktəbindən gedir. Bu ilin yanvarından müəssisəyə Rafael Bünyatov rəhbərlik edir. O, atçılığın müxtəlif növlərində dəfələrlə Azərbaycan çempionu olub və idmanı sadəcə iş deyil, həyat tərzi hesab edir.

Bünyatov İdman.Biz-ə müsahibəsində məktəbə qəbul qaydaları, uşaqlar üçün yaradılan şərait, atçılıq idmanının inkişafı istiqamətində görülən işlər və digər məsələlər barədə danışıb.

- Atçılıq idmanı bu gün Azərbaycanda nə dərəcədə populyardır?

- Son vaxtlar atçılıq idmanına maraq çox böyükdür və bu sahə yenidən fəal şəkildə inkişaf edir. Atçılığın Azərbaycanda zəngin tarixi var. Hazırda yerləşdiyimiz məktəb ippodromunun 102 yaşı var. Vaxtilə Sovet İttifaqının marşalı Semyon Budyonnı burada yetişdirilən atları özünün Budyonnı cinsinin seleksiyasında istifadə etmək üçün vertolyotla bura gəlmişdi. Həmin illərdə Azərbaycanda ittifaq əhəmiyyətli atçılıq zavodları fəaliyyət göstərirdi. Bu Bu tarixi yenidən canlandırmaq lazımdır.

Bu idman növünün özünəməxsusluğu ondadır ki, burada kişi və qadın bölgüsü yoxdur – onlar eyni yarışlarda iştirak edirlər. Eyniyni zamanda bu, insanın 60-65 yaşında belə karyerasını davam etdirə bildiyi azsaylı idman növlərindən biridir. Atlar da uzun illər yarışa bilirlər. Düzgün qulluq göstərildikdə onlar 18 yaşadək, hətta daha uzun müddət çıxış edə bilərlər.

- Məktəbiniz haqqında danışaq. Burada hansı növlər tədris olunur?

- Atçılığın hər üç Olimpiya növünü - dresaj, üçnövçülük və konkuru inkişaf etdiririkirik. Lakin hazırda yarışları tam şəkildə yalnız konkur üzrə keçirə bilirik. Digər iki istiqamət inkişafın ilkin mərhələsindədir. Bu da məşqçi kadrlarının çatışmazlığı ilə bağlıdır.

Bu il üçün söz vermirəm, amma gələn il dresaj üzrə yarış keçirməyi planlaşdırırıq. Dresajı, demək olar ki, konkurun təməli adlandırmaq olar. Bu növ at üzərində tam nəzarəti nəzərdə tutur. Atı idarə etməyi bacarırsansa, konkur marşrutunda da işləyə bilərsən. Bu növlər bir-biri ilə əlaqəlidir. Atlarla bağlı da eyni vəziyyətdir.

Üçnövçülüyün xüsusiyyətləri isə bir qədər fərqlidir. Buraya dresaj, konkur və kross daxildir. Məsələn, alman cinsindən olan konkur atları var ki, onlar üçnövçülük üçün heç də həmişə uyğun gəlmirlər.

- Mütəxəssis çatışmazlığı problemini necə həll edirsiniz?

- Məşqçilərimizi ixtisaslarını artırmaq üçün yaxın ölkələrə - Belarus, Qazaxıstan və Gürcüstana göndəririk. Eyni zamanda gənc idmançılarla işləyir və yeni məşqçi nəsli hazırlayırıq. Onlar peşəkar fəaliyyətə 18 yaşından başlayırlar və 25 yaşadək artıq böyük təcrübə qazana bilərlər. Buna görə də hər məşqçinin yanına gələcəkdə onu əvəz edə biləcək bir şagird təhkim edirik.

Xarici mütəxəssislərin dəvət olunması ilə bağlı da düşüncələrimiz var. Bu, ilk növbədə dresaja aiddir. Çünki hazırda məhz bu növ üzrə peşəkar kadrlarımız yoxdur. Təcrübə mübadiləsinin məsafədən deyil, birbaşa ölkə daxilində aparılması üçün müəyyən müddətə mütəxəssis dəvət etmək imkanını nəzərdən keçiririk.

- Məktəbdə tədris prosesi necə qurulub və uşaqlar neçə yaşından sizə müraciət edə bilərlər?

- Uşaqlar atla ilkin tanışlıq üçün səkkiz yaşından məktəbimizə gəlirlər. Bundan başqa, heyvanlarla erkən ünsiyyət qorxu hissinin və bəzi allergik reaksiyaların qarşısını almağa kömək edir. Uşaq həddindən artıq steril mühitdə böyüyərsə, sonradan heyvanlarla təmas zamanı müəyyən problemlər yarana bilər. Uşaq heyvanlarla nə qədər tez ünsiyyət qurmağa başlasa, onlara bir o qədər yaxşı uyğunlaşar.

Biz uşaqları elə tərbiyə etməliyik ki, onların nə atlardan, nə itlərdən, nə də pişiklərdən qorxusu olsun. Bu, xüsusilə atlara münasibətdə vacibdir, çünki onlar böyük heyvanlardır. İnsanın pişiyə və ya itə alışması daha asandır, atla ünsiyyətə isə uşağı xüsusi hazırlamaq lazımdır.

Uşaq on yaşında qəbul imtahanı verir və bundan sonra rəsmi şəkildə məktəbə daxil olur. Proqramımız 10 yaşdan 21 yaşadək 12 illik təhsil dövrünü əhatə edir.

- Qəbul imtahanı nədən ibarətdir?

- İmtahan sadədir. Uşaqlar səkkiz yaşından atı düzgün təmizləməyi, ona hansı tərəfdən yaxınlaşmağın lazım olduğunu, atların hansı növlərinin və milli cinslərin mövcudluğunu, onların bir-birindən nə ilə fərqləndiyini öyrənirlər.

Bunlar hər bir azərbaycanlının bilməli olduğu təməl məlumatlardır. Bizim Qarabağ və Dilbaz kimi milli at cinslərimiz var. Onların tarixini və mənşəyini bilməliyik. Uşaqlar həmçinin cins standartları, o cümlədən atların hündürlüyü, bədən uzunluğu və digər xüsusiyyətləri haqqında məlumatlı olmalıdırlar. İmtahanda məhz bu bilikləri yoxlayırıq.

Məqsəd uşağın bu idman növünə nə dərəcədə ciddi yanaşdığını müəyyənləşdirməkdir. Vaxtı, ilk növbədə uşağın öz vaxtını boş yerə itirmək istəmirik. Mən çox şeyi dəyişə və ya müəyyən mərhələdə dayandıra bilərəm, amma uşaqlara itirilmiş vaxtı geri qaytara bilmərəm. Biz uşağın inkişafına və düzgün yol seçməsinə kömək etməliyik. Əgər o, özünü atçılıqda tapa bilməsə, başqa sahədə tapmasına yardım göstərmək lazımdır.

Bundan başqa, antropoloji amil, yəni insanın fiziki inkişaf xüsusiyyətləri də var. Bizim idman növündə atı idarə etməyə imkan verən fiziki rıçaqlar çox vacibdir. İnsanın fiziki imkanları və gücü kifayət qədər deyilsə, çəkisi 600 kiloqram olan heyvanı idarə edə bilməz.

- Siz xüsusi qayğıya ehtiyacı olan uşaqları da qəbul edirsiniz. Atlar onlaralara necə kömək edir?

- Hippoterapiya adlı bir anlayış var. Bu, at sürmək və atlarla ünsiyyət vasitəsilə həyata keçirilən ən təsirli tibbi reabilitasiya üsullarından biridir. At dünyada insana yalnız müsbət enerji verən yeganə heyvandır. Atla təmasda olarkən rahatlaşırsan. Çəkisi 350–700 kiloqram olan bu hey heyvanın gücünü başqa heç bir yerdə hiss etmək mümkün deyil.

Burada əlilliyi olan çoxlu uşaq var. Onlar üçün xüsusi məşğələlər təşkil edirik. Bu məşğələlər onlara böyük böyük kömək göstərir, sinir sistemlərini sakitləşdirir. Həftədə iki dəfə autizmli şəxslər də məktəbimizə gəl gəlirlər. Onlara atlarla tam ünsiyyət imkanı yaradıram. Bu, hər kəsə – həm uşağa, həm ata, həm də ətrafdakılara fayda verir.

Müəllimlər bura gəlir və uşaqların göz önündə dəyişdiyini deyirlər. Bütün bunlar uşaqlar üçün əsl xoşbəxtlikdir və onlar buna ürəkdən sevinirlər. Niyə də onlara bu sevinci bəxş etməyək? Bu, onlar üçün edə biləcəyimiz ən kiçik yaxşılıqdır.

- Atlarla məşqlərdən başqa məktəbinizdə hansı dərslər keçirilir?

- Hazırda öz metodikamızı hazırlayırıq. Baytarlıq və nalbəndlik üzrə dərslərimiz olacaq. Hər bir uşaq ata necə nal vurulduğunu, onun dırnaqlarına və dişlərinə necə qulluq edildiyini, onları nə vaxt yonmağın lazım olduğunu, hansı hallarda bunu etməməli olduğunu, atda hansı ağrıların yarana biləcəyini və onun niyə diksinə biləcəyini bilməlidir.

Yəni proses sadəcə gəlib ata minməkdən ibarət deyil. Əvvəlcə atı hazırlamaq, təmizləmək və bütün lazımi ləvazimatları taxmaq lazımdır. Məktəbimizin hər bir şagirdi atı tövlədən özü çıxara, ona yəhər vura, çimizdirə, dırnaqlarını yuya və bütün zəruri prosedurları yerinə yetirə bilir. Uşaqlar məktəbə daxil olduqları ilk gündən bunları edirlər.

Gələcəkdə gimnastika sinifləri də daxil olmaqla, başqa bölmələr açılacaq. Uşaqların elastikliyini inkişaf etdirmək lazımdır. Bu, çox faydalı və vacibdir. Tarazlıq və dayanıqlılıq da inkişaf etdirilməlidir. Bunun üçün xüsusi toplardan istifadə olunur. Tullanma hərəkətləri də böyük əhəmiyyət daşıyır – onlar onurğa sütununun dartılmasına kömək edir. At sürərkən, xüsusilə yanlış oturuş zamanı onurğa sütunu daimi yüklənməyə məruz qalır.

Şagirdlərimiz məktəbin ərazisində voleybol oynamaq kimi başqa fəaliyyətlərlə də məşğul ola bilirlər. Hətta yay kinoteatrı təşkil edirik: yerə saman sərir, ekranlar quraşdırırıq. Uşaqların yalnız məşq deyil, həm də istirahət və ünsiyyət edə bilmələri üçün bütöv bir icma yaradırıq. Buna görə məktəbin nəzdində kafe də açmışıq. Uşaqlar artıq ad günlərini də burada keçirirlər. Bu, əsl ailədir.

Hazırda regionlardan olan istedadlı uşaqları Bakıdakı idman internatına qəbul etmək imkanımız da var. Bizə bunun üçün yerlər ayrılıb. Bizi çox ciddi şəkildə dəstəkləyən gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Mənə göstərdiyi etimada və bu məktəbə rəhbərlik etmək imkanı yaratdığına görə ona minnətdaram.

Mən bu işlə yaşayıram. Özüm konkur, çövkən və cıdır üzrə Azərbaycan çempionuyam. Şəxsi təsərrüfatım var. Bu sahə ilə 35 ildən artıqdır məşğul oluram. Həmçinin mindən çox uşağın məşq etdiyi yarımkontakt karate federasiyam var. İdman mənim həyatımdır.

- Yetirmələriniz məşqləri təhsillə uzlaşdıra bilirlərmi?

- Uşaqlara həmişə deyirəm ki, dərslərinizi oxumasanız, sizi məşqlərə buraxmayacağam. İdmançı zədə ala və karyerasını başa vura bilər, amma təhsil ömrünün sonunadək onunla qalacaq. Dediyim kimi, uşaqlara itirilmiş vaxtı geri qaytara bilmərəm.

Bundan başqa, idman ilk növbədə insanda intizam formalaşdırır. İntizam olmadan nə idman, nə də təhsil mümkündür. Bunlar bir-birindən ayrılmazdır. Hətta konkurda belə idmançı çoxlu hesablamalar aparmalı və təhlil etməlidir: maneəyədək addımların sayı, məsafə, temp və atın maneəyə yaxınlaşmalı olduğu an. Bu, əsl riyaziyyatdır.

Sentyabrın 15-dən uşaqların idmanla təhsili uzlaşdıra bilmələri üçün çevik məşq cədvəli qurmağı planlaşdırırıq. Bununla belə, gündəlik məşqlər mütləqdir. At sadəcə tövlədə dayana bilməz. O, hər gün bayıra çıxmalı və işləməlidir. Yükün ağırlığından asılı olmayaraq, bu, adi gəzinti olsa belə.

- Məktəbinizin regionlarda filialları varmı?

- Bəli, Şəkidə məktəbimiz fəaliyyət göstərir. Hazırda Ağdamda da məktəb açılır. Digər regionlarda da genişlənməyi planlaşdırırıq. Yarışlarda ölkənin müxtəlif bölgələrindən olan idmançıların təmsil edilməsi bizim üçün vacibdir.

Şəkidə, təbiət qoynunda idmançılar üçün çadır düşərgələri yaratmağı da planlaşdırırıq. Onlar burada gün ərzində 12-16 saat atlarla təmasda olacaqlar. İlk belə düşərgəni artıq sentyabrda keçirmək istəyirik. Şagirdlərimiz yürüşlərə çıxacaq, atların yanında yaşayacaq, həmin ab-havanı hiss edəcək və təbii şəraitdə inkişaf edəcəklər. Bu, həm idmançıları, həm də atları möhkəmləndirəcək.

Atlar üçün də bu düşərgələr daha çox sərbəstlik və otlaqda vaxt keçirmək imkanı deməkdir. Çünki onlar uzun müddət qapalı yerlərdə qalır və əsasən yalnız məşqlər zamanı bayıra çıxırlar.

Atları təbiətə aparmaq və istirahət etmələrinə imkan yaratmaq lazımdır. Onlar canlı varlıqlardır və biz bunu mütləq nəzərə almalıyıq. Atlara layiqli şərait yaratmalı, onları təbii çəmənliklərə aparmalıyıq ki, nalsız şəkildə dincələ bilsinlər. Çünki vaxtlarının böyük hissəsini nalla keçirirlər.

Adətən atların ön ayaqlarına, bəzən isə hər dörd ayağına nal vurulur. Buna görə onların mütləq dincəlməyə ehtiyacı var. Ayaqların bərpası üçün isə təbii torpaq lazımdır.

Nalları təxminən ayda bir dəfə dəyişirik. At dırnaqlarında çoxlu sinir ucları var - bu, canlı orqanizmdir. Yaxşı nəticələr əldə etmək istəyiriksə, ilk növbədə atların qayğısına qalmalıyıq. Onlar bizimlə 15-17 il işləyirlər və onları qorumaq lazımdır.

- Atçılıq təsərrüfatının inkişafı istiqamətində hansı işlər görülür?

- Elçin Quliyevin rəhbərlik etdiyi Azərbaycan Atçılıq Federasiyası bütün məsələlərdə bizə böyük dəstək verir, o cümlədən atçılıq təsərrüfatlarının inkişafında mühüm rol oynayır. Atların seleksiyası ilə məşğul olur, onları özümüz yetişdiririk. Bu, gələcəkdə yeni atların alınmasına böyük vəsait xərcləməməyə imkan verəcək şəxsi bazamızı yaratmaq üçün vacibdir.

Hazırda Şəki Atçılıq Zavodunda müxtəlif cinslərdən olan 120-yə yaxın at saxlanılır. Cinsləri çarpazlaşdırmaqla konkur üçün uyğun at əldə edirik. Peşəkar idman atlarının yetişdirilməsi sistemini qurmağa çalışırıq. Təbii şərait də bu sahənin inkişafına imkan verir. Kifayət qədər torpağımız, yem bazamız və digər zəruri imkanlarımız var.

Əsl konkur ayğırı və ya madyanı yetişdirmək üçün təxminən beş il tələb olunur. Atlar dörd-beş yaşından yarışlarda iştirak etməyə başlayır, yeddi yaşından sonra isə potensiallarını tam açırlar. At adətən yeddi yaşından tez dünya səviyyəsinə yüksəlmir.

Peşəkar səviyyədə hazırlıq artıq tamamilə fərqli olmalıdır. Müvafiq məşqçi heyəti, atları miniyə öyrədən mütəxəssislər və bütöv hazırlıq sistemi lazımdır. Bu, olduqca böyük işdir.

- Uzunmüddətli perspektivdə məktəbiniz qarşısına hansı məqsədləri qoyur?

- Məqsədimiz çox böyükdür. 2032-ci il Olimpiadasına hazırlaşırıq və orada üçnövçülük və konkur yarışlarında təmsil olunmaq istəyirik. Alınsa, 2028-ci il üçün də lisenziya qazanmağa çalışacağıq. Amma bu, böyük iş tələb edir və vaxtımız çox deyil. Əlimizdən gələni edəcəyik.

2032-ci il Oyunlarında iştirakımıza isə yüz faiz inanıram. Çoxlu perspektivli idmançımız, xüsusilə qızlarımız var. Müxtəlif turnirlərdə artıq qalib gələn 15-18 yaşlı idmançılarımız mövcuddur. Gələcəkdə məhz onlara ümid bəsləyirik.

- Məktəbin ərazisində böyük beynəlxalq yarışın keçirilməsi planlaşdırılırmı?

- Bəli, bunu çox istəyirəm. Artıq gələn il burada beynəlxalq yarış keçiriləcək. Müəyyən razılaşmalarımız var. Hələlik sirləri açıqlamayacağam.

İdman.Biz