Burada müxtəlif yaş qruplarından olan atçılar dördayaqlı dostları ilə birlikdə maneələri dəf edir, saniyələr uğrunda mübarizə aparır və bir-birlərinə güvənməyi öyrənirlər.
İdman.Biz xəbər verir ki, atçılıq idmanı və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış Respublika İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbində konkur üzrə turnir start götürüb.
Turnirin açılışında gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Paytaxtda keçirilən yarışlar iki gün davam edəcək. Lakin turnirin ilk günündə belə tamaşaçılara kifayət qədər emosiyalar yaşadılıb. Burada bütün diqqət iki iştirakçıya - atçı və onun dördayaqlı tərəfdaşına yönəlir. Uzaqdan baxanda idmançılar bir-birindən çox da fərqlənmirlər: hündür qara çəkmələr, dəbilqə, ciddi idman geyimi. Atlar isə hər biri öz xarakteri və görünüşü ilə seçilir. Zifiri qara, gümüşü-ağ rəngdə, uzun və ya qısa yallı, bantlarla bəzədilmiş atlar - meydanda bir-birinə tam bənzəyən iki at tapmaq çətindir.

Hər çıxış zəng səsi ilə başlayır. Atçı sürət yığır və cütlük mübarizəyə qoşulur - marşrutu səhvsiz keçmək və ən yaxşı vaxta imza atmaq uğrunda. Qarşıda isə bütöv bir maneələr silsiləsi var.
Məhz burada insanla at arasındakı əlaqənin nə qədər vacib olduğu xüsusilə aydın görünür. Bəzən onlar sanki vahid bir orqanizm kimi hərəkət edirlər: atçı demək olar ki, hiss olunmayacaq şəkildə istiqamət verir, at isə tərəddüd etmədən növbəti maneəni aşır. Lakin bəzən hər şey planlaşdırıldığı kimi getmir - at maneənin qarşısında dayanır, istiqaməti dəyişir və ya marşrutu davam etdirməkdən imtina edir. Həyəcanın və ya anlaşılmazlığın qiyməti isə kifayət qədər ağırdır: itaətsizlik iki dəfə təkrarlanarsa, qısa bir komanda səslənir: “İştirakçı yarışdan kənarlaşdırıldı”.

Maraqlıdır ki, idmançılar arasında qızların sayı nəzərəçarpacaq dərəcədə çoxdur. Lakin atçılıq idmanında gender bölgüsü yoxdur - həm qadınlar, həm də kişilər bir-biri ilə bərabər şərtlər əsasında yarışırlar.
Ən kiçik konkurçular isə xüsusilə böyük maraq doğurur. Onlar atlarından bir neçə dəfə kiçikdirlər, amma yəhərdə özlərini inamla saxlayır və komanda yoldaşları ilə birlikdə sözün əsl mənasında maneələrin üzərindən uçurlar. Onları izləyərkən istər-istəməz belə bir sual yaranır: uşaq bu qədər böyük və güclü heyvanı necə idarə edə bilir?
Üstəlik, söhbət heç də sadəcə düz xətt üzrə hərəkətdən getmir. Marşrut kifayət qədər mürəkkəbdir: müəyyən ardıcıllığa riayət etmək, düzgün trayektoriya seçmək, sürəti hesablamaq və lazımi anda ata tullanmaq siqnalı vermək lazımdır. Bu gün isə külək də tapşırığı çətinləşdirir - atların hərəkəti ilə birlikdə külək meydanın üzərində toz və qum qaldırır.
Meydandan kənarda isə tamamilə fərqli ab-hava hökm sürür. Məktəbin şagirdləri bir-birlərinə dəstək olur, iştirakçılara azarkeşlik edir, bəziləri isə hətta plakatlar hazırlayıblar. Burada uğurlu tullanmalar sevinclə qarşılanır, məsafəni başa vura bilməyən iştirakçılara isə görə narahatlıq yaşanır.
Çıxışlardan sonra məktəbin ərazisində həyat tədricən dəyişir. Kimisi elə ərazidə yerləşən kafeyə üz tutur, kimisi isə əsas komanda yoldaşının – atının qayğısına qalır. Atlar ərazidə bunun üçün xüsusi ayrılmış yerdə yuyulur. Digərləri nəticələri müzakirə edir və sabah üçün planlar qururlar.
Artıq ikinci gün bəlli olacaq ki, hansı atçı və at tandemdə daha yaxşı işləməyi bacarıb və məsafəni rəqiblərindən daha sürətli keçib.




Foto: İslam Atakişiyev
