“Məqsədim Olimpiya Oyunlarında qalib gəlməkdir” - Gənc konkurçunun İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

21 Avqust 2026 17:47
177
“Məqsədim Olimpiya Oyunlarında qalib gəlməkdir” - Gənc konkurçunun İDMAN.BİZ-ə AÇIQLAMASI

Bakıda keçirilən konkur turnirinin iştirakçısı Emiliya Suxareva yarışların ilk günü, atlara olan sevgisi və qarşısına qoyduğu əsas məqsəd barədə danışıb.

12 yaşlı Emiliya Suxareva bu gün Bakıda start götürən konkur turnirinin ilk günündə marşrutu cərimə xalı toplamadan tamamlayıb. Yarış atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təşkil olunub.

Gənc idmançı İdman.Biz-ə açıqlamasında yarışın ilk günündən aldığı təəssüratları bölüşüb.

Onun sözlərinə görə, tərəfdaşı Snejokla cəmi ikinci dəfə yarışmasına baxmayaraq, layiqli nəticə göstərməyi bacarıb:

“Mən başqa bir atla da məşq edirəm. Lakin Snejokla yarışlarda cəmi ikinci dəfə iştirak edirəm. İndi onunla daha tez-tez yarışlara qatılıram ki, hansı atla daha yaxşı nəticə göstərdiyimi və gələcəkdə daha böyük yarışlara hansı atla hazırlaşacağımı müəyyənləşdirim. Əlbəttə, bu gün marşrutu daha sürətli keçmək istəyirdim. Amma əsas odur ki, marşrutu cərimə xalı toplamadan başa vurduq”.

O, atçılıq idmanına necə başladığından və qarşısına qoyduğu məqsədlərdən də danışıb:

“Artıq dörd ildir məşq edirəm. Atları həmişə çox sevmişəm. Evimizin yaxınlığında klub var idi və anam məni ora yazdırdı. O, bu idman növü ilə məşğul olmaq istədiyimi bilirdi. Əvvəlcə qorxurdum, çünki bundan əvvəl cəmi iki dəfə ata minmişdim və hər şey mənim üçün yeni idi. Lakin tez uyğunlaşdım və inkişaf etdiyimi gördüm. Bu idman növünə ciddi yanaşıram. Məqsədim Olimpiya Oyunlarında qalib gəlməkdir”.

İdman.Biz