Kanada hökuməti Rusiyanın 2027-ci ildə keçiriləcək gənclər arasında hokkey üzrə dünya çempionatında iştirakına icazə verməyəcək. Dekabrın 26-da başlayacaq yarış Edmonton və Red-Dir şəhərlərində təşkil olunacaq.
İdman.Biz "The Canadian Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanadanın idman məsələləri üzrə dövlət katibi Adam van Kuverden məlumat verib.
O bildirib ki, rusiyalı və belarusiyalı idmançıların, eləcə də rəsmi şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq. Məhdudiyyətlər hətta qüvvədə olan Kanada vizası olan şəxslərə də şamil ediləcək.
Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) oktyabrın sonunda Beynəlxalq Buzüstü Hokkey Federasiyasını (IIHF) Rusiya yığmalarının beynəlxalq yarışlarda iştirakını bərpa etməyə məcbur edib. Lakin Kanada hökuməti müharibə davam etdiyi müddətdə Rusiya və Belarus komandalarının ölkədə öz bayraqları altında çıxışına qarşıdır.
Norveç Hokkey Federasiyası daha əvvəl IIHF-nin Rusiyanın turnirdə Norveç yığmasını əvəz edəcəyini bildirdiyini açıqlamışdı. Bununla belə, iştirakçıların tərkibində dəyişikliklə bağlı rəsmi qərar yoxdur. Finlandiya, İsveç, Çexiya və Norveç federasiyaları da Rusiya yığması ilə oynamaq istəmədiklərini bəyan ediblər.
Xatırladaq ki, dünya çempionatı 2026-cı il dekabrın 26-dan 2027-ci il yanvarın 5-dək Kanadanın Alberta əyalətində keçiriləcək.
